Tramp Zelenskini devirə biləcəkmi? - AÇIQLAMA

Tramp  Zelenskini devirə biləcəkmi? - AÇIQLAMA
15.10.2026 12:13 Təhlil

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında son vaxtlar gərginlik kəskin şəkildə artıb. Tramp Ukrayna rəhbərliyini və şəxsən Zelenskini müharibənin dayandırılması üçün kifayət qədər addım atmamaqda və sülh sazişinə gəlməməkdə günahlandırır.

Xüsusilə son bəyanatlarında Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri tənqid edərək, bu hücumların qlobal yanacaq (dizel) qiymətlərini qaldırdığını vurğulayıb. O, açıq şəkildə Ukraynada “yeni bir prezidentin və rəhbərliyin seçilməsinin vaxtının çatdığını” bildirib. Zelenski isə cavabında Ukrayna rəhbərini yalnız Ukrayna xalqının seçə biləcəyini xatırladıb.

Sual yaranır: bu müharibənin gedişini hansı istiqamətdə dəyişə bilər? Zelenski hakimiyyətdən gedəcək?

Sözügedən mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.

O qeyd edib ki, Trampın Zelenskiyə qarşı sərt mövqe tutmasının əsas səbəbi onun Putinlə anlaşması ilə bağlıdır:

“Tramp Rusiyadan dizel yanacağı istəyir. Hazırda ABŞ-da dizel böhranı yaşanır. Tramp isə aralıq seçkiləri ərəfəsində bu böhranı nisbətən zəiflədərək seçkilərin nəticələrini respublikaçıların xeyrinə dəyişməyə çalışır. Buna görə də Rusiyadan böyük həcmdə dizel yanacağının ABŞ-yə və dünya bazarlarına ixrac edilməsini istəyir.

Təbii ki, bunun qarşılığında Putinin də müəyyən tələbləri var. Belə anlaşılır ki, həmin tələblər sırasında Zelenskinin hakimiyyətdən getməsi və Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın ərazisinə qatılması kimi məsələlər yer alır. Ona görə də Tramp israrla Zelenskinin hakimiyyətdən getməsi məsələsini növbəti dəfə gündəmə gətirib. Bundan əvvəl də Tramp-Putin anlaşmasından sonra ABŞ Zelenskiyə qarşı sərt mövqe tutmuş, hətta onun hakimiyyətdən getməsini tələb etmişdi. İndi eyni proses yenidən təkrarlanır”.

Analitikə görə, Trampın Putinlə bu dəfəki anlaşmasının da pozulma ehtimalı kifayət qədər yüksəkdir:

“Birincisi, Ukraynada hazırda seçkilərin keçirilməsi mümkün deyil. Ukrayna Ali Radası da bir neçə ay əvvəl bu barədə qərar qəbul edib və müharibə şəraitində seçkilərin keçirilməməsini nəzərdə tutub. Seçkilərin keçirilməsi üçün Ali Rada öz qərarını dəyişməlidir. Lakin hazırda belə bir ehtimal müşahidə olunmur və bu variant inandırıcı görünmür.

Digər tərəfdən, Zelenski ABŞ ilə münasibətləri daha da gərginləşdirməmək üçün maraqlı və ağıllı manevr edərək reallaşdırılması çətin olan bir seçki variantı təklif edib. Belə ki, o, Rusiyanın altı günlük atəşkəsə razılaşmasını və həmin müddətdə Ukraynada seçkilərin keçirilməsini təklif edir. Zelenski əvvəlcədən bilirdi ki, Rusiya bu təklifi heç bir halda qəbul etməyəcək və altı günlük atəşkəsə nail olmaq mümkün olmayacaq.

Kremlin açıqlamaları da bunu göstərir. Belə ki, Kremlin təmsilçisi Dmitri Peskov altı günlük atəşkəsin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Ukrayna bu müddətdən öz qüvvələrini yenidən bərpa etmək üçün istifadə edə bilər. Peskov qeyd edib ki, əgər söhbət atəşkəsdən gedirsə, Rusiya seçkilərlə əlaqədar cəmi bir günlük atəşkəs elan edə bilər. Yəni səsvermə günü Ukraynaya qarşı zərbələr dayandırıla bilər.

Beləliklə, Rusiya bu məsələ ilə razılaşmayıb və ABŞ-nin Ukraynadan seçki keçirilməsi ilə bağlı tələbi dalana dirənib. Tramp artıq ikinci problemlə üzləşib. Əgər o, doğrudan da Zelenskinin hakimiyyətdən getməsini istəyirsə, Zelenskinin təklif etdiyi variantın Rusiya tərəfindən qəbul olunmasına da nail olmalıdır. Əks halda, seçkilərin keçirilməsi mümkün olmayacaq. Çünki seçkilərin özünün müəyyən prosedur qaydaları var. Prezidentin istefa verməsi və bir gün ərzində yerinə yeni prezidentin seçilməsi kimi bir variant mümkün deyil”.

Müsahibimiz hesab edir ki, Trampın Ukrayna ilə bağlı bu dəfəki planı da pozulmaq üzrədir. O qeyd edib ki, digər tərəfdən, Trampın Rusiya ilə bu qədər yaxınlaşması Avropa ölkələrini də ciddi formada narahat edir:

“Çünki Avropa ölkələri Ukrayna müharibəsindən sonra Rusiyanı qoca qitə üçün ən ciddi hərbi təhlükə hesab edir və Rusiya ilə ehtimal olunan müharibəyə indidən hazırlaşırlar.

Ona görə də hesab etmək olar ki, Avropa İttifaqı və ya daha geniş mənada Avropa ölkələri Trampın Putinlə bu növbəti anlaşmasının da pozulmasına cəhd göstərəcəklər. ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra tərəflər arasındakı qarşıdurmanın yeni istiqamətlər ala biləcəyini düşünmək olar”.

Jalə Rövşən 
XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər