Malikinin təhlükəli izi: İraqda məzhəb savaşı ALOVLANIR!
Siyasət
27.01.2026 12:41
İraqda siyasi proseslər fonunda şiə düşərgəsində də ciddi parçalanma müşahidə olunur. Şiə siyasətçi Müqtəda Əs Sədrin liderlik etdiyi “Sairiun” (Sədr) hərəkatı Nuri əl-Malikinin yenidən Baş nazir postuna qayıdışına açıq şəkildə qarşı çıxır.

İranla məsafəli mövqeyi ilə seçilən və daha çox İraq millətçiliyini ön plana çəkən Sədr hərəkatı dini baxımdan Qum məktəbindən çox Nəcəf şiə ənənəsinə yaxınlığı ilə fərqlənir. Hərəkat Suriyada keçmiş HTŞ-nin güclənməsini təhlükə kimi dəyərləndirsə də, eyni zamanda İranın İraq daxilində artan təsirini də qəbulolunmaz hesab edir. Bu mövqe Bağdadda formalaşacaq mümkün hökumətin tərkibi və xarici siyasi balansı baxımından əlavə gərginlik yaradır.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Kamran Sultanlı bildirib ki, Nuri əl-Malikinin yenidən siyasi səhnəyə qayıdışı nə İraq, nə də region üçün müsbət perspektiv vəd edir:

“O, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı tənqid edən sonuncu şəxs belə ola bilməz. Çünki özü də İraq sünniləri arasında İŞİD-in radikal ideologiyasını populyarlaşdırmaq üçün çox iş görüb. Əgər İŞİD-in doğuşuna bir səbəb ABŞ-nin İraqa müdaxiləsi və İraqda sünnilərin devrilməsi oldusa, digər səbəb də Malikinin addımları oldu. O da Səddam Hüseyndən betər oldu”.
Ekspert xatırladıb ki, Malikinin hakimiyyəti dövründə qəbul edilən ən dağıdıcı qərarlardan biri Səhva hərəkatının məqsədli şəkildə sıradan çıxarılması idi:
“Həmin dövrün əsas və ən dağıdıcı qərarlarından biri Səhva hərəkatının sistematik şəkildə məhv edilməsi idi. Halbuki sünni qəbilə qrupları təkbaşına Ənbar, Səlahəddin və Diyala əyalətlərini cihadçılardan təmizləmiş, onları səhrada gizlənməyə məcbur etmişdi. Onların döyüşçüləri yerli şəhərləri və icmaları terrorçulardan qoruyan əsl canlı qalxana çevrilmişdi”.
Kamran Sultanlı qeyd edib ki, bu proses nəticəsində terrorçu qruplaşmalar ciddi zərbə alsa da, Malikinin siyasəti bu balansı tamamilə pozdu:
“Qruplaşmanın bir çox üzvü həbs edildi, öldürüldü, maliyyə resursları kəsildi. Amma Maliki bunun əvəzində onlara uyğun şiə qruplaşması yaratdı. İranın maraqları naminə hər şeyi etdi və məzhəb savaşını maksimum dərəcədə qızışdırdı”.
Analitik vurğulayıb ki, Maliki İraq kimi həssas ölkədə məzhəbçiliyi açıq şəkildə körükləyən siyasi fiqura çevrildi:
“Buna görə də Maliki İraq kimi həssas ölkədə məzhəbçiliyi açıq qızışdıran şəxs oldu. İŞİD Mosulu tutanda camaat İŞİD-i sevinclə qarşılamışdı, necə ki, Səddam Hüseyn devriləndə şiələr sevinirdi. Çünki bu qarşılıqlı nifrət mühitində ortaq bir lider çıxmalı və balans yaratmalı idi”.
K.Sultanlı hesab edir ki, Maliki bu tarixi fürsəti balans yaratmaq əvəzinə məzhəbçi siyasətlə məhv etdi:
“Maliki isə iranyönümlü məzhəb siyasəti apardı. Onun bütün fikirləri anti-sünni üzərində qurulub”.
Qiymət Mahir
tag: Kamran Sultanlı,Politoloq,İraq,Nuri əl-Maliki,Todaypress.tv,
