"Qərbi Çıraq" platformasından hasil edilən neftin həcmi açıqlandı
Sənaye və energetika
29.01.2026 10:20
"Azəri-Çıraq-Günaşli" yataqlar blokundakı "Qərbi Çıraq" platformasında hasilata başlanılan tarixdən ümumilikdə 251 milyon barel (34 milyon ton) neft hasil edib.
Bu barədə TodayPress TV-yə "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, platformadan indiyədək 26-sı neft hasilatı, 1-i qaz hasilatı, 7-i suvurma quyusu, 1-i isə şlamların yenidən laylara vurulması üçün quyu olmaqla ümümilikdə 35 quyu qazılıb.
Qeyd olunub ki, AÇG-nin "Qərbi Çıraq" platformasından ilk neft əldə olunmasından artıq 12 il keçib. Bu uğurun əsasında Azərbaycan hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər partnyorlarımızla etibarlı tərəfdaşlıq və platformanın peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti durur.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.tv,
