Bir göl, 1500 ağac və alimləri təəccübləndirən nəticə

Bir göl, 1500 ağac və alimləri təəccübləndirən nəticə
26.11.2026 02:50 Maraqlı

Finlandiyalı alimlər gölün dibinə 1500 ağac yerləşdirərək sualtı canlıların yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə qeyri-adi eksperiment aparıblar. Üç il davam edən araşdırmanın nəticələri gözləntiləri üstələyib.

TodayPress TV xəbər verir ki, “Polskie Radio 24”ün məlumatına görə, tədqiqat 2021-ci ildə Finlandiya Ətraf Mühit İnstitutunun (SYKE) mütəxəssisləri tərəfindən, Kari-Matti Vuorinin rəhbərliyi ilə başlayıb.

Alimlər Saymaa gölünün təxminən iki metr dərinliyində altı-səkkiz ağacdan ibarət qruplar şəklində kəsilmiş küknarlar yerləşdiriblər. Ağacların gölün dibində qalması üçün onlara kərpiclər bağlanıb.

Tədqiqatçılar təbii budaqlı strukturların göldə yaşayan orqanizmlər üçün daha əlverişli mühit yaradıb-yaratmadığını araşdırıblar. Xüsusilə su hövzələrinin dibində yaşayan və qida zəncirində mühüm rol oynayan bentos orqanizmlərinə diqqət yetirilib.

Üç il sonra alimlər eksperimentin keçirildiyi əraziyə qayıdaraq ağacları sudan çıxarıb və əldə olunan nümunələri araşdırmanın əvvəlində toplanan materiallarla müqayisə ediblər.

Nəticədə məlum olub ki, küknarların yerləşdirildiyi ərazilərdə dib orqanizmlərinin sayı 10 dəfə artıb. Bəzi hallarda isə növ müxtəlifliyi beş dəfə çoxalıb.

Alimlərin fikrincə, ağacların budaqları sualtı canlıların məskunlaşması üçün əlavə səthlər yaradıb. Budaqlar və iynəyarpaqlar arasındakı boşluqlar kiçik orqanizmlər üçün sığınacaq rolunu oynayıb. Ağacların tədricən parçalanması isə mikroorqanizmlər üçün qida mənbəyinə çevrilən üzvi maddələrin yaranmasına səbəb olub.

Eksperiment təbii mühitin quruluşunun sualtı ekosistemlər üçün əhəmiyyətini göstərib. Daha mürəkkəb sualtı strukturlar canlılara gizlənmək, qida tapmaq və çoxalmaq üçün əlavə imkanlar yaradır.

Bununla belə, tədqiqatçılar nəticələrin bütün göllərdə eyni olacağına zəmanət vermirlər. Eksperiment konkret ərazidə, nəzarət olunan şəraitdə və müəyyən sayda ağacla aparılıb. Buna görə də alimlər insanları istifadə olunmuş küknar ağaclarını özbaşına yaxınlıqdakı göllərə və digər su hövzələrinə atmaqdan çəkindirirlər.

Məlumatda həmçinin qeyd olunur ki, Böyük Britaniyanın Lankaşir qraflığında 2013-cü ildən istifadə edilmiş yeni il ağacları sahil qumlarına basdırılır. Bu üsul qumun küləklə hərəkətini azaltmağa və sahili eroziya və fırtınalardan qoruyan təbii qum təpələrinin bərpasına kömək edir.

Layihə nəticəsində bəzi ərazilərdə eni 60–90 metrə çatan qum təpələri zolaqları bərpa olunub. Bu, yüzlərlə evi eroziya və daşqın təhlükəsindən qorumağa kömək edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər