Aİ səfiri: İqlim fəaliyyətinə bu gün edilən investisiya gələcək riskləri azaldır
Sənaye və energetika
10.02.2026 11:28
"İqlim fəaliyyəti maliyyə qənaəti, yeni iş yerlərinin yaradılması, ictimai sağlamlığın yaxşılaşdırılması və daha təmiz, cəlbedici şəhərlərin formalaşması deməkdir".
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Merlər Razılaşması Təşəbbüsü ilə bağlı tədbirdə deyib.
O bildirib ki, iqlim fəaliyyətinə bu gün investisiya qoymaq, gələcəkdə iqlim dəyişikliyinin yaratdığı zərərləri kompensasiya etməkdən daha ucuz və təhlükəsizdir.
"Bu sahədə uğur yalnız texniki tədbirlərlə deyil, eyni zamanda ictimai maarifləndirmə və vətəndaşların fəal iştirakı ilə mümkündür. Biznes strukturları, universitetlər və vətəndaş cəmiyyəti təşkilatları iqlim fəaliyyətində mühüm tərəfdaşlara çevrilməlidirlər. Merlərin Razılaşması sadəcə bir imza deyil, bu, paylaşılmış bir məsuliyyətdir. Milli və yerli səviyyələr arasında əməkdaşlığı gücləndirməli, planları real fəaliyyətə çevirməli və uğurlu təcrübələri digər şəhərlərlə bölüşməliyik".
Səfir təşəbbüsün fəal üzvləri olan Gəncə, Şəki, Mingəçevir, Şamaxı, Xırdalan və Yevlax şəhərlərini təbrik edərək, gələcəkdə daha çox şəhərin bu proqramdan faydalanacağına və ölkənin iqlim fəaliyyətində aktiv rol oynayacağına inandığını bildirib.
Türkan İsgəndərli
tag: Mariyana Kuyundziç,Aİ,İqlim,İnvestisiya,Todaypress.tv,
