Avropanın iqlimini dəyişə biləcək təhlükə getdikcə artır
Atlantik okeanında istiliyi planetin müxtəlif bölgələri arasında daşıyan cərəyanlar qlobal istiləşmə səbəbindən zəifləməyə davam edir. Bu proses gələcəkdə bəzi regionlarda quraqlığa, digər ərazilərdə isə dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Discover Wildlife” nəşri məlumat yayıb.
Məlumata görə, Atlantik meridional çevrilmə sirkulyasiyası (AMOC) tropik enliklərdən Şimali Atlantikaya isti su daşıyan okean cərəyanları sistemidir. Burada su soyuyur, duzluluğu və sıxlığı artır, dərinliyə enərək cənuba doğru hərəkət edir. Bu proses okeanda istiliyin paylanmasına və iqlimin formalaşmasına təsir göstərir.
Məhz bu sirkulyasiya Avropada qışların digər hallarla müqayisədə daha mülayim keçməsinə kömək edir. Lakin okean temperaturunun dəyişməsi, yağıntıların artması və buzların sürətlə əriməsi okeana daha çox şirin suyun daxil olmasına səbəb olur. Nəticədə suyun sıxlığı azalır və onun dərinliyə enməsi ləngiyir. Bu isə cərəyanlar sistemini zəiflədir.
İqlim modelləri istixana qazlarının konsentrasiyası artdıqca AMOC sisteminin XXI əsr boyunca zəifləyəcəyini proqnozlaşdırır.
Sirkulyasiyanın zəifləməsi okeanın atmosferdən karbon qazını udmaq qabiliyyətinə də mənfi təsir göstərə bilər. Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzinin məlumatına görə, bu halda atmosferdə daha çox istixana qazı qalır və iqlim dəyişikliyi sürətlənir.
Bununla belə, gələcək dəyişikliklərin miqyası hələ dəqiq müəyyən edilməyib. ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, tədqiqatlar son yüzillikdə AMOC sisteminin zəiflədiyini göstərir. Lakin alimlər onun zəifləməyə davam edib-etməyəcəyini və ya tam dayanıb-dayanmayacağını hələ əminliklə deyə bilmirlər.
Tədqiqatçıların fikrincə, cərəyanların zəifləməsi Cənubi Afrikada quraqlığın güclənməsinə və ABŞ-ın şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu dəyişikliklər planetin müxtəlif bölgələrində ciddi iqlim nəticələri yarada bilər.
Kübra Musayeva