Gənclərə təsir edən təhlükə: Komitə sədrindən xəbərdarlıq
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Bu prinsiplər ölkədə ictimai sabitliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib.
O qeyd edib ki, gələcək Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlər, müstəqil düşüncə və vətəndaşlıq məsuliyyəti əsasında formalaşması mühüm məsələlərdəndir. Onun sözlərinə görə, dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla yanaşı, mənəvi dayaqlardan, tarixi yaddaşdan və vətənpərvərlik düşüncəsindən də asılıdır.
Ramin Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması ilə bağlı fikirləri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin də gənclərin yad və zərərli təsirlərdən qorunmasında təhsil, bilik və vətənpərvərliyin əhəmiyyətini önə çəkdiyini xatırladıb.
Komitə sədri bildirib ki, gənclərin dünyagörüşünün formalaşmasında ailə və təhsil müəssisələri ilə yanaşı, informasiya məkanı da mühüm rol oynayır. İnternet, sosial media və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirsə də, müxtəlif ideoloji təsirlərin yayılmasını sürətləndirir.
Onun sözlərinə görə, gənclərin məlumatları təhlil etmək, manipulyasiyaları müəyyənləşdirmək və düzgün qərarlar vermək bacarığının inkişaf etdirilməsi vacibdir. Eyni zamanda, dini biliklərin etibarlı mənbələr əsasında öyrənilməsi, dini inancla xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların fərqləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Ramin Məmmədovun fikrincə, dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə və sülhə xidmət etməlidir. Dünyəvilik isə vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, hüquqi dövlət prinsiplərinin və dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur.
Komitə sədri əlavə edib ki, milli kimliyə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. O vurğulayıb ki, milli-mənəvi tərbiyənin əsas məqsədi öz tarixini və ənənələrini dərk edən, müstəqil düşünən, məlumatları təhlil edərək düzgün qərarlar verən vətəndaşlar yetişdirməkdir.