Tənhalığa son qoyan möcüzəvi üsul: Ömrü 2 ildən çox uzadır!
Alimlər təbiətdə qrup halında keçirilən fəaliyyətlərin yaşlı insanlarda tənhalıq hissini azaltmağa və vaxtından əvvəl ölüm riskini aşağı salmağa kömək etdiyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat Avstriyanın UMIT TIROL Tibb Elmləri və Texnologiyaları Universitetində aparılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı ictimai səhiyyənin əsas problemlərindən biri kimi tanıyıb. Bu vəziyyət həyat keyfiyyətini aşağı salmaqla yanaşı, ürək-damar xəstəlikləri, diabet, depressiya və demensiya riskini də artıra bilər.
Yaşlı insanlar arasında tənhalığın qarşısının alınması yollarını araşdıran alimlər İspaniyada həyata keçirilən “Təbiət dostları” proqramının məlumatlarını təhlil ediblər. Proqram çərçivəsində təbiətdə gəzintilər, bağçılıq və quşların müşahidəsi kimi fəaliyyətlər təşkil olunub.
Tədqiqatın nəticələrinə görə, açıq havada keçirilən qrup fəaliyyətləri sosial təcridlə mübarizədə müsbət nəticə göstərib. Bu tədbirlərdə iştirak edən insanlar belə fəaliyyətlər barədə yalnız məlumatlandırılanlarla müqayisədə orta hesabla 2,62 il daha uzun müddət tənhalıq hissi yaşamayıblar. İştirakçıların həyat keyfiyyəti də yaxşılaşıb, ömür uzunluğunda isə cüzi artım müşahidə olunub.
Aysel Mətləb