Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR

Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR
12.10.2026 21:31 Gündəm

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını “iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə xələl gətirməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq informasiya əməliyyatı” adlandırmaqla baş verənlərdə rəsmi Ankaranın iştirakını təkzib etsə də, proses başa çatmayıb.

Hazırda Türkiyənin yazılı və elektron mediasında, eləcə də sosial platformalarında Azərbaycana qarşı tənqidi, hətta təhqiramiz materiallar davam edir. Bu dəfə təhqirlərin dərəcəsini bir qədər də artırıblar. Misal üçün, Azərbaycanı “şərəfsiz, terrorçu, din düşməni, alçaq, cani, nammussuz” adlandıranlar var. Türkiyənin müvafiq qurumları isə bu təhqirlərin qarşısında sadəcə susur, daha öncəki kampaniyalarda olduğu kimi. Bu, DMM-nin açıqladığı mövqeyi də şübhə altına salır. Çünki daha öncə də apalıran qarayaxma kampaniyaları müəyyən bir mexanizmdən istifadə edildiyini göstərir: Türkiyə hakimiyyətinə yaxın media resurslarının da iştirakı ilə Azərbaycana informasiya hücumları həyata keçirlir, daha sonra DMM bunun əksinə mövqe sərgiləməklə məsuliyyəti kənar qüvvələrinə üzərinə qoyur. Bu dəfə də eyni mexanizmdən istifadə edilir və bir tərəfdən Azərbaycanın təhqir edilməsinə rəsmi şəkildə qarşı çıxırlar, digər tərəfdən, kampaniya davam edir. Türkiyə dövləti Azərbaycana qarşı informasiya hücumlarından həqiqətən narahat olsaydı, bu halların təkrarlanmaması istiqamətində həlledici addım atardı.

Son bir ildə anti-Azərbaycan kampaniyası geniş vüsət alır, Türkiyə hakimiyyəti isə yalnız “rəsmi narahatlığını” dilə gətirir.

Türkiyənin əsl məqsədi nədir?

Ankaranın rəsmi mövqeyi ilə reallıq arasındakı ikili oyunu göstərir ki, bir tərəfdən, Bakı ilə ikitərəfli münasibətlərin pisləşməsində “səbəbkar” olmaq istəmirlər, digər tərəfdən, qarayaxma kampaniyasının geniş şəkildə davam etdirilməsi ilə Türkiyə ictimai rəyini Azərbaycanın əleyhinə yönəldir, nüfuzunu zədələyirlər. Bu mürəkkəb situasiyanı anlamaq üçün son bir ildə Ankaranın Cənubi Qafqaz siyasətinə nəzər yetirmək lazımdır.

-Türkiyədə Azərbaycana qarşı informasiya hücumları artan xətt üzrə davam edir;

-Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində praktiki addımlar sürətlənir;

Məqsədin nə olduğu məhz bir-biri ilə sıx bağlı olan bu iki məsələdə anlaşılır. Türkiyədə Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılmasını istəyən dairələr/qruplar hər zaman mövcud olub. Lakin Ankaranın buna getməməsinin səbəblərindən biri Türkiyədə Azərbaycan amilini nəzərə almadan Ermənistanla yaxınlaşmaya etiraz edən kəsimlərin mövqeyi olub. 2008-2009-cu illərdə Ankara-İrəvan xəttindəki “futbol diplomatiyası” və “Sürix protokolları” da məhz həmin kəsimin, eləcə də Azərbaycan ictimaiyyətinin etirazı ilə praktiki müstəvidə işləmədi. Daha sonra da müxtəlif formalarda edilən belə cəhdlər eyni səbəbdən baş tutmayıb.

Qarabağ məsələsinin həllindən sonra Türkiyənin hakim dairələrində Ermənistanla münasibətlərin qurulmasını, sərhədlərin açılmasını istəyənlərin mövqeləri güclənir. Ankarada Bakının mövqeyi nəzərə alınmadan İrəvanla yaxınlaşmanı dəstəkləyənlər var. 3-5 may tarixində İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Türkiyə quru sərhədini keçmək planının, sonradan baş tutmasa da, razılaşdırılması bunun real nümunələrindəndir.

Son bir ildə Türkiyə və Ermənistan arasında keçirilən görüşlər isə Ankarada münasibətlərin qurulması, sərhədlərin açılması qərarının ön plana çıxdığına dəlalət edir.

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan son bir ildə dəfələrlə görüşüb. Ötən ilin aprelində Ankarada baş tutan görüş Ermənistanın “ilkin şərt olmadan münasibətlərin normallaşması” tələbi çərçivəsində keçirilib. Söhbət Azərbaycanın maraqlarını nəzərə almadan münasibətlərin qurulmasından gedir. Görüşün keçirilməsi Ankaranın İrəvanın bu istəyini qəbul etməsi deməkdir. 12 sentyabr 2025-ci ildə xüsusi nümayəndələrin sayca altıncı görüşü İrəvanda keçirildi. Görüşdə əldə olunan razılaşmalar xüsusilə diqqət çəkirdi.

-2022-ci ildə Marqara sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılaşmanın sürətləndirilməsi;

-Qars-Gümrü dəmir yolu və elektrik xəttinin bərpası məqsədilə texniki araşdırmaların aparılması;

-Tarixi İpək Yolu (Ani) körpüsünün birgə bərpa edilməsi, eyni zamanda, tələbələr üçün təqaüd proqramlarının yaradılması;

- 2026-cı ilin yanvarından etibarən iki ölkə arasında aviauçuşların həyata keçirilməsi və s.

Sərdar Kılıçın İrəvanda olarkən, dediyi “özümü evimdəki kimi hiss edirəm”, “əsas məqsədim Türkiyəyə yox, “erməni xalqının rifahına və daha yaxşı gələcəyinə” töhfə verməkdir” kimi sözləri nə qədər qəribə görünsə də, Ankaranın İrəvanla yaxınlaşması fonunda diqqət çəkirdi.

Tərəflər arasındakı razılaşmalara əsasən bu ilin 28 aprel tarixində Qars-Gümrü dəmir yolunun bərpası üzrə işçi qrupu Qars şəhərində görüşdü və dəmir yolunun qısa zamanda istifadəyə verilməsi razılığı əldə olundu. Oktyabrın 5-də isə Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustu İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə görüşüb. Rəsmilər Gümrü-Qars elektrik xəttinin bərpası və iki ölkənin enerji sistemlərinin birləşdirilməsini müzakirə ediblər. Türk Hava Yolları 11 mart tarixindən etibarən İstanbul-İrəvan reysi üzrə birbaşa uçuşlara başladı. Bu da razılaşmanın bir hissəsi idi.

Bu addımlar fonunda iki ölkənin liderləri – Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təmasların intensivləşməsi diqqətdən yayınmır. İyunun 2-də Paşinyan Ərdoğana zəng edib. Liderlər BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında da bir araya gəldilər. Bu görüşlər kitab hədiyyələrinin verilməsi və səmimi görüntülərlə yadda qalıb. Ərdoğanla Paşinyanın görüşündən sonra Türkiyə xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı oldu. 9 oktyabrda baş tutan telefon söhbətində nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu telefon söhbətindən üç gün öncə - oktyabrın 6-da Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılması və dəmir yolunun bərpasının yaxın gələcəkdə reallaşacağını açıqlamışdı. Görünür, XİN rəhbərləri də məhz bu məsələləri müzakirə ediblər.

Ankara-İrəvan arasında təmasların sıxlaşması fonunda ikitərəfli ticarətin artması, bu istiqamətdə praktiki addımların atılması tərəflərin sərhədlərin açılmasına hazırlaşdığı təəssüratını gücləndirir. Avqustun 30-da Ararat Mirzoyan Ermənistanın xaricdəki diplomatik xidmət orqanlarının rəhbərlərinin iştirakı ilə Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsinə baş çəkdi. Bu ziyarət İrəvanın diplomatlarına sərhədin açılışına hazırlığı əyani şəkildə göstərməsinə hesablanmışdı.

3-4 sentyabr tarixində isə İrəvanda Ermənistan-Türkiyə Biznes Forumu keçirildi. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Forumda çıxışı zamanı bildirdi ki, “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması nəticəsində yaranan iqtisadi əlaqələri və ticarət məsələlərini yerində əlaqələndirəcək nümayəndəliyin yaradılması üçün yer ayırmağa hazırdırlar”. Beləliklə, Vanda Türkiyə-Ermənistan ticarət mərkəzi yaradılır.

Bütün bunlar Türkiyə-Ermənistan görüşlərinin və əlaqələrin qurulması istiqamətindəki addımların planlı şəkildə həyata keçirildiyini göstərir. Bu münasibətlərin normallaşması, yaxud “dostlaşma” deyil, çünki sərhəd infrastrukturunun qurulması, dəmir yolu və elektrik xəttinin bərpası, aviareyslərin həyata keçirilməsi və ticarətin genişləndirilməsi sistemli şəkildə davam edir. Bu baxımdan, atılan addımları Türkiyə və Ermənistanın sistemli “qardaşlaşması” adlandırmaq daha doğru olardı. Təbii ki, Ankara-İrəvan doğmalığı Türkiyənin əsl qardaşından – Azərbaycandan imtina etməsi ilə reallaşır. Türkiyədə son bir ildə Azərbaycana qarşı davamlı kampaniyanın aparılması, rəsmi Ankaranın buna şərait yaratması da məhz Ermənistanla qardaşlaşmanın yolunun açılmasına hesablanıb.

Aydın görünür ki, Türkiyə Ermənistanla sərhədləri açmamışdan və Azərbaycanla qardaşlıqdan imtina etməmişdən öncə daxili ictimai rəyi hazırlamaqla məşğuldur. Ankara səbəb olmadan bu addımı atarsa, hər zaman olduğu kimi, yenə Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı çıxan kəsimin etirazı ilə qarşılaşacaq. Buna görə həmin kəsimi susdurmaq üçün “əsaslı səbəb” lazımdır. Azərbaycanın Türkiyə ictimai rəyində etibarsızlaşdırılması, “düşmən” obrazının yaradılması bu “səbəbin” yaradılması məqsədi daşıyır. Əgər Türkiyə cəmiyyətində Azərbaycana olan dəstək aradan qalxarsa, Ankara heç bir etirazla qarşılaşmadan İrəvanla rahat şəkildə qucaqlaşa biləcək. Faktiki olaraq, Türkiyə rəhbərliyi dini və mənəviyyatı regional ambisiyalarının alətinə çevirir. Məqsəd regionda yeni güc balansını formalaşdırmaqdır və görünür, Ankara bu maraqları naminə qardaşına xəyanət etməkdən çəkinmək niyyətində deyil. Hərçənd, bu prosesin nəticələri təkcə ikitərəfli münasibətləri alt-üst etməyəcək, eyni zamanda, Cənubi Qafqazın bütün geosiyasi arxitekturasına mənfi təsir edəcək. Baş verəcək proseslərdən Türkiyənin özü də ciddi zərər görə bilər.

Asif Nərimanlı

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər