29 ölkə İrana qarşı birləşdi
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İranı Böyük Britaniyanın Feyrford aviabazasında baş verən insidentdə əli olmaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, bəyanata imza atan ölkələr İranın ABŞ və tərəfdaşlarına qarşı zorakı üsullardan istifadəsini qətiyyətlə pisləyiblər.
Sənəddə Böyük Britaniyanın sentyabrın 27-də Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş verən insidentdə İranın əli olması barədə gəldiyi nəticənin tanındığı bildirilib.
Bəyanatda qeyd olunub ki, hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun gizli şəbəkələr və nəzarətində olan qüvvələr vasitəsilə ölkə hüdudlarından kənarda düşmənçilik fəaliyyətini davam etdirməyə hazır olduğunu göstərir.
Bəyanatı ABŞ, Böyük Britaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç imzalayıb.
Kübra Musayeva