Bakıda evlərin qiyməti artdı, bəs almağa dəyər? - EKSPERT AÇIQLADI
Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması alıcılar qarşısında mühüm bir sual qoyur: Aldığımız mənzil həqiqətən uğurlu investisiyadır, yoxsa sadəcə baha qiymətə alınmış daş-divar?
TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı fikirlərini qeyd edən iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, mənzilin real investisiya dəyərini müəyyən etməyin ən sadə yolu onun qiyməti ilə gətirdiyi kirayə gəlirini müqayisə etməkdir.
Ekspert kirayə gəlirliliyi və özünüödəmə müddəti üzrə hesablama meyarlarını belə təqdim edib:
"Məsələn, 100 min manata alınan mənzil ayda 500 manat kirayə gətirirsə, illik kirayə gəliri 6 min manat, yəni mənzilin qiymətinin 6%-dir. Başqa sözlə, qiymətlər və kirayə dəyişməsə, mənzil təxminən 17 ilə alış qiyməti qədər kirayə gəliri yaradır. Praktik yanaşmada mənzilin qiyməti 15 illik kirayə gəlirindən aşağıdırsa, kirayə baxımından yaxşı investisiya hesab edilə bilər. 15–20 il isə normal intervaldır. 20 ildən yuxarı qalxdıqca kirayə gəlirliliyi zəifləyir. Məsələn, 100 min manatlıq mənzil ayda 560 manat kirayə gətirirsə, ümumi kirayə gəlirliliyi təxminən 6,7%, 420 manat gətirirsə 5%, 300 manat gətirirsə cəmi 3,6% olur".
İqtisadçı vurğulayıb ki, yalnız nominal qiymət artımına aldanmaq olmaz, çünki inflyasiya faktorunu nəzərə almaq vacibdir:
"Mənzil təkcə kirayə gəliri gətirmir, eyni zamanda özü də bahalaşa bilər. Məsələn, illik inflyasiyanı 6%, mənzilin nominal qiymət artımını isə 10% götürsək, onun real dəyər artımı təxminən 3,8% edir. Yəni 100 min manatlıq mənzil bir ildən sonra 110 min manat olsa da, həmin 10 min manatın hamısı real qazanc deyil. Onun bir hissəsi pulun dəyərdən düşməsinin nəticəsidir".
O, həmçinin kirayə gəlirindən çıxılan gizli xərclərə və xalis gəlir anlayışına diqqət çəkib:
"Kirayənin də hamısı qazanc deyil. Mənzilin boş qaldığı dövr, təmir və amortizasiya, vergilər, bina və idarəetmə xərcləri var. Buna görə investisiya baxımından ümumi kirayəyə deyil, xalis kirayə gəlirinə baxmaq daha doğrudur. Məsələn, 100 min manatlıq mənzil ayda 500 manat gətirirsə (6% gəlirlilik), əlavə xərclər üçün şərti olaraq 1,5% çıxsaq, xalis kirayə gəlirliliyi 4,5% qalır. Mənzilin qiyməti də həmin il 10% artarsa, ümumi nominal gəlir 14,5% edir. 6%-lik inflyasiyanı nəzərə aldıqda real gəlirlilik təxminən 8% olur".
Sonda Eldəniz Əmirov investorlara vacib tövsiyə verərək, alternatvlərin və risklərin mütləq qiymətləndirilməli olduğunu qeyd edib:
"Mənzil investisiya gəliri xalis kirayə gəliri, mənzilin qiymət artımı və inflyasiyanın təsiri nəzərə alınmaqla hesablanır. Amma burada alternativ gəlir də var. Eyni 100 min manatı mənzilə qoymaq əvəzinə depozitdə, istiqrazda və ya başqa alətdə saxlasaydıq nə qədər qazanardıq? Mənzil daha az likviddir, kirayəçi, təmir və satış riski var. Əgər gəlirlilik alternativ alətlərdən kifayət qədər yüksək deyilsə, onu yaxşı investisiya adlandırmaq çətindir. Əlqərə, mənzil alarkən "Bu mənzil 100 min manatdır, neçə manata kirayə verə bilərəm?" yox, "Bu mənzil ayda 500 manat kirayə gətirirsə, investisiya kimi ona maksimum neçə manat verməyə dəyər?" sualını vermək lazımdır. Çünki əmlakın bazar qiyməti ilə investisiya dəyəri eyni şey deyil", - deyə iqtisadçı fikrini tamamlayıb.
Türkan İsgəndərli
TodayPress TV