Zəfər ili: boksçularımız beynəlxalq arenada parladı

İdman

25.12.2025 12:56

2025-ci il Azərbaycan boksu üçün uğurlu nəticələrlə yadda qalan il kimi tarixə düşəcək.

TodayPress TV xəbər verir ki, il ərzində müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 231 medal qazanıblar. Boksçularımız 47 beynəlxalq yarışda iştirak edərək 69 qızıl, 60 gümüş və 102 bürünc medala sahib olublar.

İlin ən parlaq nəticələrindən biri 19 yaşlı Sübhan Məmmədovun (50 kq) uğuru olub. O, U-23 yaş qrupunda Avropa, böyüklər arasında isə dünya çempionu titulunu qazanıb.

Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal əldə edərək Azərbaycan boks tarixində gənclər arasında ikiqat Avropa çempionu kimi adını yazdırıb.

Xumar Cəfərli (75 kq) məktəblilərin Avropa çempionatında qalib gələrək bu yaş qrupunda Avropa çempionu olan ilk azərbaycanlı qız boksçu olub.

Bundan başqa, Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilər arasında, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) isə yeniyetmələr arasında Avropa çempionu adını qazanaraq Azərbaycan himnini səsləndiriblər.

231 medalın 5-i dünya, 55-i isə Avropa çempionatlarının payına düşür. Milli komandalarımız Gimnaziada İdman Oyunlarında 21 (9 qızıl, 8 gümüş, 4 bürünc), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə yüksəliblər.

Qeyd edək ki, ötən il boksçularımız 35 beynəlxalq yarışda 135 medal (44 qızıl, 48 gümüş, 68 bürünc) qazanmışdı.

Namiq HUN

TodayPress TV

tag: Boks,Azərbaycan,Uğur,Medal,Todaypress.tv,