“Spörs”un ulduzu üçün təhlükə - növbəti oyun sual altındadır
İdman
22.04.2026 11:57
“San Antonio Spörs” komandasının lideri, fransalı basketbolçu Viktor Vembanyamaya beyin silkələnməsi diaqnozu qoyulub.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, NBA pley-offunun 1/8 final mərhələsinin “San Antonio Spörs” - “Portlend Treyl Bleyzers” matçının ikinci hissəsində Vembanyama səbət altına keçid edərkən tarazlığını itirib və parketə yıxılaraq başını yerə çırpıb.
NBA qaydalarına əsasən, basketbolçu 48 saat ərzində oyunlarda tam iştirak edə bilməz. Lakin vəziyyəti pisləşməzsə, 24 saat sonra məşqlərə mərhələli şəkildə qayıda bilər.
Onun yenidən meydana çıxması üçün bir neçə bərpa mərhələsini keçməsi, simptomlarının tam aradan qalxması və komanda həkimindən, həmçinin liqanın protokol direktoru ilə məsləhətləşmədən sonra icazə alması lazımdır.
Qeyd edək ki, NBA pley-offunun 1/8 final mərhələsinin ikinci oyununda “San Antonio Spörs” doğma meydanda “Portlend Treyl Bleyzers”ə 103:106 hesabı ilə məğlub olub. Bununla da seriyada hesab bərabərləşib - 1:1.
Seriyanın növbəti oyunu aprelin 25-də keçiriləcək.
Namiq HUN
tag: San Antonio Spörs,Viktor Vembanyama,Diaqnoz,Basketbol,Todaypress.tv,
