“Real”da kritik an: Alonsonun aqibəti bir oyundan asılıdır!

İdman

09.12.2025 11:04

“Bavariya” klubunun sabiq futbolçusu Lotar Matteus Madrid “Real”ının baş məşqçisi Xabi Alonso ilə bağlı mövcud vəziyyətə dair fikrini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Sky Sport Germany məlumat yayıb.

Matteus Xabi Alonsonun fərdi ulduzlardan çox komanda nizam-intizamına üstünlük verdiyini  deyib:

“Alonso Karlo Ançelottidən fərqli tipdə çalışdırıcıdır. İtaliyalı çalışdırıcı daha çox ata kimi idi - futbolçularına xüsusilə meydanda daha çox azadlıq verirdi. Alonso isə nizam-intizam, dəqiqlik və meydanda təşkilatlanma kimi detallara daha çox önəm verir. Ançelotti dövründə “Real” daha çox futbolçuların fərdi keyfiyyətlərinə güvənirdi. Alonso isə onlara azadlıq verməyə davam edir, amma eyni zamanda ulduzlara meydanda daha çox göstəriş verir. Cud Bellinqem və Vinisius kimi futbolçular belə yanaşma ilə çətinlik çəkə bilərlər.

Alonso üçün əsas olan ayrı-ayrı futbolçu yox, komandadır. Bu, “Bayer 04 ”də çox yaxşı işlədi. Florian Virts, əlbəttə, özünü orada çox sərbəst hiss edirdi. Lakin Alonso bütün futbolçularından müdafiəyə qoşulmağı tələb edirdi. Əgər oyunçu bunu istəmirsə, məşqçi ilə problemi olacaq.

Suallar vermək, açıq danışmaq, qarşılıqlı ünsiyyət vacibdir. Lakin sonda qərar verən məşqçidir - komandanın necə və kimlə oynayacağını o müəyyənləşdirir. Mən əminəm ki, Alonso “Real”a uyğun gəlir, amma öz üslubu ilə”.

İspaniya mediasının məlumatına görə, Xabi Alonsonun taleyi UEFA Çempionlar Liqasının “Mançester Siti” ilə oyunundan sonra müəyyən ediləcək. “Real” həmin matçda məğlub olacağı təqdirdə Alonso postundan göndəriləcək.

Bildirilir ki, bu qərar “kral klubu”nun təcili iclasında qəbul edilib. Qarşıdakı matçın nəticəsi Alonsonun “Real”dakı gələcək işi üçün həlledici olacaq.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Xabi Alonso,Klub,Futbol,Todaypress.tv,