“Neftçi”də məşqçilər korpusuna yeni namizəd
İdman
23.12.2025 17:20
“Səbail”in sabiq baş məşqçisi Cavid Hüseynov “Neftçi” klubunda çalışmağa yaxındır.
TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis “ağ-qaralar”dan rəsmi təklif alıb. Hüseynovun “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun məşqçilər korpusunda yer alacağı bildirilir.
Məlumata görə, Cavid Hüseynovun özü də ukraynalı mütəxəssislə işləməyə müsbət yanaşır. Hazırda tərəflər arasında müqavilə şərtləri müzakirə olunur.
Qeyd edək ki, bu, Cavid Hüseynovun məşqçi kimi ilk köməkçi təcrübəsi deyil. O, 2023–2024-cü illərdə “Turan Tovuz” klubunda Kurban Berdiyevin köməkçisi vəzifəsində çalışıb.
Hüseynov son bir neçə ayda Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunda qeyri-rəsmi şəkildə məşq prosesi aparır.
Xatırladaq ki, “Neftçi” ilə 1,5 illik müqavilə imzalayan Yuri Vernidubun məşqçilər korpusunda hazırda altı nəfər çalışır. Ukraynalı mütəxəssis komandaya Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokini gətirib. Əvvəlki heyətdən isə fiziki hazırlıq üzrə mütəxəssis İvan Yovanovski və onun köməkçisi işini davam etdirir.
Namiq HUN
tag: Cavid Hüseynov,Səbail,Klub,Qərar,Todaypress.tv,
