“Liverpul”da böyük ayrılıq yaxınlaşır
İdman
09.12.2025 10:34
“Liverpul” klubu futbolçusu Məhəmməd Salahla bağlı qərar verib.
TodayPress TV Britaniya mətbuatına istinadən xəbər verir ki, mersisayd təmsilçisi qışda misirli hücumçunu transferə çıxarmağı planlaşdırır.
Bildirilir ki, Salah, “Barselona”, “Real Madrid” və ya “Bavariya”ya keçidi dəyərləndirməyə hazırdır. Forvard Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir.
“Qırmızılar”ın düşərgəsində Salahla bağlı vəziyyət yaxşı deyil. Hücumçu baş məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. O, ardıcıl 3 oyunda “Liverpul”un start heyətində yer almayıb, “İnter”lə Çempionlar Liqasının matçı üçün isə iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Liverpul,Məhəmməd Salah,Klub,Transfer,Todaypress.tv,
