Karlo Ançelottinin oğlu İtaliyaya qayıdır?

İdman

24.12.2025 09:37

İtaliyanın “Piza” klubunun rəhbərliyi komandanın baş məşqçisi postuna Davide Ançelottinin namizədliyini nəzərdən keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, Karlo Ançelottinin oğlu hazırkı baş məşqçi Alberto Cilyardinonun mümkün əvəzləyicilərindən biridir. Cilyardinonun klubdakı mövqeləri hazırda olduqca qeyri-sabit qiymətləndirilir.

Bildirilir ki, “Piza” rəhbərliyi qeyri-standart qərar axtarışındadır və məşhur soyad daşıyan gənc mütəxəssisə etimad göstərməyə hazırdır.

Davide Ançelotti yaxın vaxtlarda “Botafoqo” klubunda ilk müstəqil baş məşqçi təcrübəsini yaşayıb. O, Braziliya çempionatında komandanı altıncı yerə çıxarıb və Libertadores Kubokunun seçmə mərhələsinə vəsiqə qazandırıb. Buna baxmayaraq, sonradan vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ançelotti-kiçik daha əvvəl uzun illər atasının məşqçilər heyətində çalışıb. O, PSJ, “Real Madrid”, “Bavariya”, “Napoli” və “Everton” klublarında köməkçi məşqçi olub.

Namiq HUN

TodayPress TV

tag: Davide Ançelotti,İtaliya,Piza,Klub,Todaypress.tv,