İspaniyanın möhtəşəm seriyası qırıldı, De la Fuentedən iddialı mesaj!

İspaniyanın möhtəşəm seriyası qırıldı, De la Fuentedən iddialı mesaj!
16.11.2026 09:32 İdman

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin VI turunda İngiltərəyə qarşı keçirilən ev oyununu (2:3) şərh edib.

TodayPress TV xəbər verir ki, bu məğlubiyyət İspaniya millisinin uzun müddət davam edən məğlubiyyətsizlik seriyasına son qoyub.

De la Fuente qarşılaşmanın ilk 30 dəqiqəsində rəqibin daha üstün oynadığını və komandasının oyun tempini pozduğunu bildirib. Mütəxəssis heç-heçəni qoruyacaqlarına ümid etdiyini söyləyib.

“İlk 30 dəqiqədə rəqib oyun tempimizi pozdu və bizdən daha yaxşı çıxış etdi. Bundan sonra heç-heçəni qoruyacağımıza ümid edirdim. Lakin əvvəllər də məğlubiyyətsiz seriyamızla bağlı söylədiyim fikri bir daha təkrarlamaq istəyirəm: ən yaxşısı hələ qarşıdadır. Azarkeşlərimizin bizə göstərdiyi dəstək yüksək səviyyədə idi. Onlara təşəkkür etmək istəyirəm.

İngiltərə millisinin bugünkü oyunu keçdiyimiz yolun nə qədər çətin olduğunu göstərdi. Məğlubiyyətsiz seriyamızı qorumaq üçün mübarizə aparmalı olurduq. Bu dəfə qələbə günü onların oldu, bizim yox. Ancaq həm məğlubiyyət, həm də qələbə zamanı eyni xarakter nümayiş etdirməyə çalışacağıq.

Bəli, məğlubiyyətin acısını nadir hallarda yaşamışıq. Bununla belə, ləyaqətimizi və qətiyyətimizi qoruyuruq. Mart ayında bizi 1/4 final mərhələsi gözləyir. Həmin pley-off mərhələsinə qalib gəlmək və turnirin çempionu olmaq məqsədilə çıxacağıq.

Hamının İspaniyanı məğlub etmək istəməsi komandamızın hansı nüfuza sahib olduğunun göstəricisidir. Bu, əsl final idi. Belə qarşılaşmalarda səhvsiz oynamaq və optimal fiziki formada olmaq lazımdır. Əks halda, İngiltərə, Fransa, Portuqaliya və ya İtaliya kimi rəqiblər bundan yararlana bilər.

Gələn həftə yenidən futbolçularımla görüşmək istərdim. Çünki hazırda paltardəyişmə otağında məyus olan oyunçular varsa, onlara qarşıdakı günlərdə əldə etdikləri nailiyyətin miqyasını, bunun nə qədər çətin olduğunu və qazandıqları ilə necə fəxr etməli olduqlarını izah etmək istəyərdim. Ancaq bunun üçün mart ayına qədər gözləməli olacağam”, – deyə De la Fuentenin sözlərini UEFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, İspaniya millisi 3-cü qrupda 15 xalla ikinci yeri tutub. Eyni xala malik İngiltərə yığması top fərqinə görə rəqibini qabaqlayaraq qrup lideri olub.

Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər