39 yaşında möhtəşəm rekord: Loris Fransa futbolunun tarixinə düşdü!
ABŞ-nin “Los-Anceles” klubunun qapıçısı Uqo Loris peşəkar karyerasında 1000 rəsmi oyun həddini keçib.
TodayPress TV “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı qolkiper bu göstəriciyə nail olan ilk fransalı futbolçu olub.
Loris yubiley oyununu oktyabrın 26-da MLS çempionatı çərçivəsində “Los-Anceles Qalaksi”yə qarşı keçirib. 2:2 hesabı ilə başa çatan qarşılaşma fransalı qapıçı üçün əlamətdar olub.
Uqo Loris Fransa millisinin heyətində 145, klub səviyyəsində isə 856 oyun keçirib. O, Birləşmiş Ştatlara köçməzdən əvvəl Fransanın “Nitsa” və “Lion”, eləcə də İngiltərənin “Tottenhem” komandalarında çıxış edib. Qapıçı 2012-2023-cü illərdə London klubunun formasını geyinib.
Qeyd edək ki, Loris Fransa millisinin heyətində 2018-ci il dünya çempionatının qalibi olub.
Namiq HUN