Husilər Yəməndə Səudiyyə qüvvələrini geri oturtdu
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr Bab əl-Məndəb boğazı ətrafındakı mövqelərindən geri çəkilərək Ədən şəhərinin müdafiəsinə yönəlib. Bu addım İranın dəstəklədiyi husilərin Qırmızı dənizin strateji əhəmiyyətli keçidinə nəzarəti gücləndirməsinə şərait yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyən Cənub Silahlı Qüvvələri bazar günü Taiz vilayətinin qərbində yerləşən Dhubab hava limanı və Bab əl-Məndəb ərazisindən qoşunların yenidən yerləşdirilməsi əməliyyatına başladığını açıqlayıb. Qüvvələrin bəyanatında bu qərarın Ədən şəhərinin və qonşu vilayətlərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də cəbhə xətlərinin möhkəmləndirilməsi məqsədi daşıdığı bildirilib.
Bu qərar husilərin sentyabr ayında sürətli hücumla ələ keçirdiyi Qırmızı dəniz sahillərini geri almaq üçün hökumət qüvvələrinin təxminən altı həftə davam edən əks-hücum əməliyyatına son qoyulması kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr ötən ay boğaz ətrafında, xüsusilə Dhubab bölgəsində bir sıra mövqeləri geri alsa da, husiləri ərazidən tam çıxara və sahildə yerləşən Əl-Moxa şəhərini ələ keçirə bilməyib.
Yəmən hərbi mənbələrinin “Reuters”ə bildirdiyinə görə, qoşunlar Dhubabın cənubundakı əl-Suqiyah bölgəsində yenidən mövqelənib və yaxınlıqdakı sahil ərazilərindən husiləri sıxışdırmağa çalışır. Yəmən prezidentliyindəki mənbə isə bu addımı Ədənin müdafiəsi, Ləhc vilayətində cəbhə xətlərinin gücləndirilməsi və Taiz şəhərinin mühasirəsinin yarılmasına şərait yaradılması məqsədi daşıyan hesablanmış hərbi manevr kimi xarakterizə edib.
Bununla yanaşı, husilərin Ədən istiqamətində irəliləməsi hökumət qüvvələri üçün təhlükəni artırır. Hərbi mənbələrin məlumatına görə, husilər Ləhc vilayətində Ədən şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən Tur əl-Bahah ətrafında mövqelənib. AFP-yə danışan hərbi mənbələr isə qruplaşmanın Əl-Məqatirah və Əl-Mədaribah rayonlarını ələ keçirdiyini və Ədənə təxminən 60 kilometr məsafədə yerləşən Əl-Xaraz düşərgəsində möhkəmləndiyini bildiriblər.
Husilərin irəliləyişi fonunda hökumət qüvvələri Ədən ətrafında müdafiə istehkamları qurmağa, qum torbalarından sədlər yaratmağa və tunellər qazmağa başlayıb. Qeyd edək ki, 2022-ci ildən nisbətən səngimiş Yəmən vətəndaş müharibəsi bu ilin yayında İran ətrafında genişlənən münaqişənin təsiri ilə yenidən alovlanıb. Husilər 2015-ci ildə paytaxt Sənanı ələ keçirdikdən sonra beynəlxalq səviyyədə tanınan hökumət Ədən şəhərində fəaliyyət göstərir.
Jalə Rövşən