“İmişli” AFFA-ya qarşı CAS yolunu seçdi

“İmişli” AFFA-ya qarşı CAS yolunu seçdi
23.12.2025 11:57 İdman

“İmişli” klubu AFFA-nın İntizam Komitəsinin verdiyi qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

TodayPress TV xəbər verir ki, bu barədə prosport.az nəşri məlumat yayıb. 

Bildirilir ki, bu addım Azərbaycan futbolu tarixində AFFA-nın qərarına qarşı bir klubun CAS-a müraciət etdiyi ilk presedent kimi qeydə alınıb.

Hazırda məsələ ilə CAS-da “İmişli” klubunun sponsoru olan “RDC Group” şirkətinin hüquqşünası məşğul olur.

Xatırladaq ki, AFFA İntizam Komitəsi Premyer Liqanın IV turunda, sentyabrın 13-də Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən “İmişli” – “Sumqayıt” oyununda (1:0) nominal meydan sahiblərinin qələbəsini ləğv edib. Klub 0:3 hesablı texniki məğlubiyyət və 5 min manat cərimə ilə cəzalandırılıb.

Qərara səbəb kimi oyunun 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana buraxılması göstərilib.

“İmişli” klubu bu qərardan AFFA-da fəaliyyət göstərən Apellyasiya Arbitraj Tribunalına (AAT) müraciət etsə də, oktyabrın 31-də tribunal İntizam Komitəsinin qərarını dəyişmədən qüvvədə saxlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər