Döyüş gecələri Bakıya qayıdır – UFC-dən böyük plan
İdman
21.04.2026 16:12
Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
TodayPress TV Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Bildirilib ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14,000-dən çox tamaşaçını bir araya gətirib.
Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.
UFC ilə çoxillik tərəfdaşlığın əldə olunması Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələdir.
Namiq HUN
tag: UFC,Bakı Şəhər Halqası,Gənclər və İdman Nazirliyi,Əməkdaşlıq,Todaypress.tv,
