Braziliya klubu Bikalyo transferində israrlıdır

İdman

23.12.2025 09:35

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo üçün təklif etdiyi transfer məbləğini artırıb.

TodayPress TV xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi 24 yaşlı futbolçunun keçidi üçün Ağdam klubuna 3 milyon avro ödəməyə hazırdır. Braziliya klubu daha əvvəl “Qarabağ”a 2 milyon avroluq təkliflə müraciət etmişdi.

“Qarabağ” rəhbərliyi hələlik bu təklifə rəsmi cavab verməyib.

Xatırladaq ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Braziliya klubundan Pedro Bikalyo ilə bağlı təklif gəldiyini təsdiqləyib. O, Premyer Liqanın XVI turunda “Qəbələ” üzərində qazanılan qələbədən (2:1) sonra keçirilən mətbuat konfransında bu məsələyə sərt münasibət bildirib:

“Bəli, ona təklif olub. Bura ‘Qarabağ’dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki oyunçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir ki, düşünürsən, doğrudanmı bunlar klublardandır? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir”.

Qeyd edək ki, Pedro Bikalyo ilə Portuqaliyanın “Braqa” və Türkiyənin “Sivasspor” klubları da yaxından maraqlanır.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Pedro Bikalyo,Botafoqo,Transfer,Todaypress.tv,