Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik etdi
Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.
TodayPress TV xəbər verir ki, federasiyanın paylaşımında 4–11 oktyabr tarixlərində Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçularının 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atdığı bildirilib.
"Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın cüdo millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.