"Müharibə axtarmırıq, amma döyüşməyi yaxşı bacarırıq" - Qəribabadi
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin müharibə istəmədiyini, lakin döyüşməyi yaxşı bacardığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Qəribabadi ABŞ və İsrailin Minab şəhərində hücum etdiyi Şəcərətüt-Tayyibə ibtidai məktəbində çıxış edib:
“İran heç vaxt müharibə axtarışında olmayıb, amma döyüşməyi yaxşı bacarır. Biz 200 ildir heç vaxt müharibəyə başlamamışıq, lakin təcavüzkarlara ağır dərslər vermişik”.
Qəribabadi İrana qarşı yeni hücum olacağı təqdirdə ölkəsinin əvvəlkilərdən fərqli şəkildə cavab verəcəyini bildirib. O, İranın cavabının fərqli olacağını “İranın 40 günlük müharibədəki cavabı 12 günlük müharibədəki cavabından fərqli idi” sözləri ilə izah edib.
Həmçinin Hörmüz boğazı ilə bağlı danışan Qəribabadi qeyd edib ki, bu boğaz İranın su yolunun simvolu hesab olunur və ölkəsi ondan düşmənlə mübarizə vasitəsi kimi istifadə edəcək.
Aysel Mətləb