Moskva Zelenskinin qalmasını niyə istəyir? – Kremlın GİZLİ HESABI
Ukrayna cəbhəsində diplomatik təzyiqlər artdıqca, diqqət getdikcə Kiyevdəki hakimiyyət və varislik mübarizəsinə yönəlir. Donald Trampın Volodimir Zelenskinin əvəzlənməsi ilə bağlı son mesajı yalnız ABŞ-nin deyil, Moskva, Vaşinqton və Londonun da maraqlarını toqquşdurur.
Bəs Moskva həqiqətənmi Zelenskinin getməsində maraqlıdır, yoxsa onun hakimiyyətdə qalması Kremlin öz bəyanatlarına rəğmən daha əlverişlidir?
Məlumdur ki, Zelenskiyə alternativ şəxslər göstərilir. ABŞ-nin Kirill Budanovu, Böyük Britaniyanın diplomatik korpus tərəfindən dəstəklənən Valeri Zalujnini, hər iki güclə balansı saxlayan Mixail Fyodorovu önə çəkməsi nəyi göstərir?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Fəqani Məhərrəmli Rusiya-Ukrayna müharibəsinin çoxdan öz sərhədlərini aşaraq qlobal münaqişəyə çevrildiyini və istənilən an qlobal müharibəyə də çevrilə biləcəyini bildirib:

“Hətta bu müharibə ABŞ/İsrail-İran arasında, ümumiyyətlə, Yaxın Şərqdəki münaqişələri alovlandıran əsas amillərdən birinə çevrilib. Ehtimal etmək olar ki, savaşın qığılcımları müəyyən mərhələdə Avropaya da sıçrasın. Belə kritik mərhələdə Donald Trampın Volodimir Zelenskini prezident postunda dəyişdirməyin, əvəz etməyin zamanının gəldiyini bəyan etməsi, həm də bunu Vladimir Putinlə Rusiyadan dizel yanacağı alacağı ilə bağlı razılaşma əldə edildikdən dərhal sonra elan etməsi maraq və həyəcanla qarşılanıb.
Qərbin aparıcı mətbuat orqanlarına danışan, Zelenskiyə yaxın mənbələr ABŞ prezidentinin bu açıqlamasının onlar üçün gözlənilməz olduğunu bildiriblər. Qərb mediası isə dərhal alternativləri sıralamağa başlayıb: V. Zalujnı, Fyodorov, Budanov, hətta Poroşenko. Bu siyasi fiqurların ya Vaşinqtona, ya da Londona yaxın olduqları deyilir. Maraqlıdır, bu günə qədər Ukraynanı hər platformada dəstəkləyən Almaniya, Fransa kimi ölkələri kim təmsil edəcək? Trampın məlum bəyanatından sonra saç düzümünü dəyişərək hörüklərini açan xanım Timoşenko da sanki kimlərisə təmsil edə biləcəyinə işarə verir”.
Analitik rusların “dəyişiklik” məsələsində səbirli davrandıqlarını düşünür:
“Sanki onlar Zelenskinin bir müddət də Ukrayna Prezidenti postunda qalmasında maraqlı görünürlər. Səbəbi o qədər də aydın olmasa da, hər halda, fürsət düşmüşkən Ukraynanı daha çox zəiflətmək və daha böyük güzəştlərə vadar etmək məqsədi daşıya bilər. Bütün hallarda, savaşın bir müddət də davam edəcəyi və Ukraynanı yaxşı günlərin gözləmədiyi məlumdur”.
Qiymət Mahir