Üç şəhidin xatirəsi anım mərasimləri ilə yad edildi
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Cəfərov Zaur Hüseyn oğlu, Hüseynli İlqar Şəmiyyət oğlu və Tağıyev Hüseyn Oqtay oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, həmçinin Hərbi Memorial Məzarlıqda keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər şəhidlərin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışaraq onların şərəfli həyat yollarından bəhs ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



