Azərbaycan boksçuları uğurlu seriyanı davam etdirir
İdman
09.12.2025 09:00
Birləşmiş Ərəb Əmirliklərində kişi boksçular arasında dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Dubay turnirinin 1/8 finalında Azərbaycanın 6 boksçusu qələbə qazanıb.
Sübhan Mamedov (48 kq) 1/4 finala vəsiqə uğrunda tacikistanlı Mehron Şafiyevə hər üç raundda qalib gəlib. O, yarımfinala gedən yolda Özbəkistan boksçusu Şodiyorjon Melikuzyevlə münasibətlərinə aydınlıq gətirəcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) mundialdakı üçüncü döyüşündə Gütcüstan boksçusu Artuş Qomtsyandan güclü olub. 1/4 finalda Aşurəliyevin rəqibi özbək Abdumalik Xalokov olacaq.
Zaur Qəhrəmanov (67 kq) mundialda Argentinanı təmsil edən Tomas Kasazzanı mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi Rusiya boksçusu Yevgeni Kul olacaq.
Səidcəmşid Cəfərov (75 kq) 1/4 finala vəsiqə uğrunda görüşdə çempionatda Bəhreyni təmsil edən həmyerlimiz Amir Abbasdan hər üç raundda üstün olub. Cəfərov yarımfinala gedən yolda Özbəkistan boksçusu Fazliddin Erkinboyevlə münasibətlərinə aydınlıq gətirəcək.
Alfonso Dominqes (92 kq) mundialdakı ilk döyüşündə Argentina boksçusu Matias Verona ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda moldovalı Andrey Zaplitnini yoxlamadan keçirəcək.
Məhəmməd Abdullayev (+92 kq) isə startda kamerunlu Mvoqo Zaçaryeni məğlub edib. O, 1/4 finalda türkmən Dovlet İslamovla qarşılaşacaq.
Namiq HUN
tag: Boks,Azərbaycan,Seriya,Davam,Todaypress.tv,
