Astana mundialında həyəcan artır: Azərbaycan iki medal qazana bilər!

Astana mundialında həyəcan artır: Azərbaycan iki medal qazana bilər!
27.10.2026 13:51 İdman

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında bu gün yunan-Roma güləşi yarışlarına yekun vurulacaq.

TodayPress TV xəbər verir ki, mundialın son günündə Azərbaycan millisinin daha iki medal qazanmaq şansı var. Təmsilçilərimizdən biri qızıl, digəri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Dünya çempionu Nihat Məmmədli (63 kq) finalda Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşacaq.

Güləşçilər daha əvvəl 2024-cü ildə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında üz-üzə gəliblər. Həmin vaxt yarımfinalda rəqibinə qalib gələn Nihat Məmmədli daha sonra mundialın qızıl medalını qazanıb. Bu dəfə də uğurlu çıxış edəcəyi təqdirdə, idmançımız ikinci dəfə dünya çempionu olacaq.

Həsrət Cəfərov (67 kq) isə dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda İran təmsilçisi, Olimpiya çempionu Səid Esmailiyə əlavə göstəricilərə əsasən məğlub olub.

Cəfərovun bürünc medal uğrunda rəqibi təsəlliverici görüşlərin nəticələrinə əsasən müəyyənləşəcək. Bu mərhələdə Niderland təmsilçisi İlyas Laauina, Çin güləşçisi Cin Sinxin və Qazaxıstan idmançısı Bağdat Sabaz mübarizə aparacaqlar.

İslam Abbasov (87 kq) isə mundialda medal qazanmaq şansını itirib. 1/8 finalda Bolqarıstan təmsilçisi, Olimpiya çempionu Semyon Novikova məğlub olan güləşçimiz təsəlliverici görüşlərdə də uğur qazana bilməyib.

Abbasov ilk təsəlliverici görüşdə Amerika Samoası təmsilçisi Latana Sopaya 8:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Gürcüstan təmsilçisi, dünya çempionu Laşa Qobadzeyə 3:5 hesabı ilə uduzub.

Namiq HUN

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər