“Mançester Yunayted”in ortağı klubu satışa çıxardı

“Mançester Yunayted”in ortağı klubu satışa çıxardı
27.10.2026 09:20 İdman

Britaniyalı milyarder Cim Retkliffə məxsus “INEOS” şirkəti İsveçrənin “Lozanna” futbol klubuna alıcı axtarmağa başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“INEOS” 2017-ci ilin noyabrında, şirkətin baş qərargahı İsveçrənin Lozanna şəhərində yerləşdiyi dövrdə klubu satın alıb.

Hazırda “Lozanna” İsveçrə çempionatında ciddi çətinliklərlə üzləşib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda yüksək liqanı tərk edərsə, INEOS-un sahibliyi dövründə üçüncü dəfə aşağı diviziona düşəcək. Bununla belə, klub əvvəlki iki halda yenidən elitaya qayıtmağı bacarıb.

Məlumata görə, mövsümün yekununda “Lozanna”nın zərəri təxminən 5 milyon funt sterlinqə çata bilər. “INEOS”un öz sponsorluq maliyyələşməsini əvəz edəcək yeni mənbə tapa bilməməsi klubun maliyyə vəziyyətini daha da çətinləşdirə bilər.

“INEOS”un özü də iqtisadi çətinliklərlə üzləşib. Avropada enerji qiymətlərinin artması və ABŞ-ın idxal rüsumları şirkətin biznesinə mənfi təsir göstərir. Konqlomeratın ümumi borc öhdəliklərinin həcmi son vaxtlar 18 milyard funt sterlinqə çatıb.

Bununla belə, “The Athletic”in qiymətləndirməsinə görə, “Lozanna”nın satılması dəyəri təxminən 37 milyard funt sterlinq olan “INEOS”un maliyyə vəziyyətinə ciddi təsir göstərməyəcək.

Qeyd edək ki, Cim Retkliff “Mançester Yunayted” klubunun da səhmdarlarından biridir. İngiltərə təmsilçisi hazırda çətin dövr yaşayır. Britaniya mediasında klubun strukturunda genişmiqyaslı dəyişikliklərin mümkünlüyü barədə xəbərlər yayılır. Müzakirə olunan variantlar arasında baş məşqçi postu da daxil olmaqla, müxtəlif vəzifələrdə kadr dəyişiklikləri də var.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər