Türk dünyasının gözü Ankarada: Bakı estafeti Ankaraya ötürür
Türk Dövlətləri Təşkilatının XIII Dövlət Başçıları Zirvəsi oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümündə Ankarada keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi zirvədə təşkilatın dövrü sədrliyi Azərbaycandan Türkiyəyə keçəcək.
TodayPress TV xəbər verir ki, "CNN Türk"də dərc edilən məqaləyə görə, zirvədə liderlərin iqtisadi inteqrasiya, süni intellekt və rəqəmsal inkişaf, regional təhlükəsizlik və nəqliyyat dəhlizləri ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.
Ankarada keçiriləcək görüşdə təşkilatın tamhüquqlu üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi üzvlər Macarıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistanın dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulur.
Zirvənin əsas istiqamətlərindən biri Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi olacaq. Liderlərin rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlığın genişləndirilməsi və may ayında Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi zirvədə müzakirəyə çıxarılan süni intellekt və rəqəmsal inkişaf təşəbbüslərinin konkret addımlarla davam etdirilməsini müzakirə edəcəyi gözlənilir.
Regional təhlükəsizlik və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olacaq. Təşkilata üzv ölkələr arasında iqtisadi və siyasi əlaqələrin inkişafı ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyi bildirilir.
Zirvə çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə isə Rusiya-Ukrayna müharibəsi, regiondakı problemlər və Yaxın Şərqdə baş verən hadisələr ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.
Jalə Rövşən