Yeni dövrün hədəfləri: Davos Forumu Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Gündəm
21.01.2026 10:58
"Davos Forumu bu dəfə daha çox qlobal geo-siyasi çağrışlara fokuslanaraq 2026-cı il üçün real təkliflər ilə çıxış etmək niyyətindədir".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Forum qlobal liderləri birləşdirən dünyanın ən nüfuzlu və genişmiqyaslı iqtisadi platformasıdır:
"Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur".
Deputat qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərlərini qəbul edir və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq cənab Prezidentin iştirakı ilə bir sıra görüşlər həyata keçirilmişdir.
O bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidenti regional nailiyyətlər ilə yanaşı, qlobal geosiyasi məsələlərə də münasibət bildirdi. Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir.
Parlamentari həmçinin vurğulayıb ki, Davos Forumu Azərbaycanın qeyri-neft sektoruna xarici investisiya cəlb etmək üçün əsas strateji imkandır:
"Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər".
V.Bayramov xüsusilə diqqətə çatdırıb ki, forum vasitəsi ilə genişlənən əməkdaşlıq Azərbaycanın regionun əsas iqtisadi və innovasiya mərkəzi kimi beynəlxalq nüfuzunu təsdiq edir:
"Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Forumun regional 4-cü sənaye inqilabı mərkəzi də məhz Bakıda yaradılmışdır. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir".
Qeyd edək ki, Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, “Euronews” televiziyasına müsahibə verib.
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,Davos,İqtisadiyyat,Todaypress.tv,
