Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Bakıda avtomobillə hərəkət qaydalarında yeni dəyişikliklər nəzərdə tutulur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən müəyyən edilmiş məbləğdə ödəniş alınacaq və toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Paytaxt yollarında hansı zonalar ödənişli ola bilər? Bu qərar paytaxtda nəqliyyat sıxlığının qarşısını alacaqmı?
TodayPress TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu addım nəqliyyat sıxlığına nəzarət etmək məqsədi daşıyır:
“Tıxacın qarşısını almaq, xüsusilə də şəhərin mərkəzi ərazilərinə avtomobillə daxil olanların sayını azaltmaq üçün belə bir addım atılır. Burada dövlətin məqsədi vətəndaşlardan pul toplamaq və gəlir əldə etmək deyil. Əsas məqsəd şəhərin mərkəzini avtomobil sıxlığından və xaosundan azad etməkdir. Bu məsələdə ekoloji problemləri, səs-küyü, vibrasiyanı, əhali arasında yaranan narahatlığı və nəqliyyat sıxlığını da nəzərə almalıyıq. Dövlət bütün bunların qarşısını almaq üçün hərəkəti bu formada tənzimləməyə çalışır”.
Ekspertin sözlərinə görə, bu qərar şəhərin mərkəzinə avtomobillə girişin tamamilə qadağan edilməsi demək deyil:
“İnsanlar şəhərin mərkəzinə avtomobillə gələ biləcəklər, sadəcə bunun üçün müəyyən edilmiş ödənişi etməli olacaqlar. Ödəniş etmək istəməyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bu, eyni zamanda, insanların ictimai nəqliyyata marağını artırmaq üçün atılan addımdır. İnsanlar daha ucuz və rahat nəqliyyat vasitəsi kimi ictimai nəqliyyata üstünlük verməyə təşviq olunur”.
E.Muradlı qeyd edib ki, artıq bu ildən Azərbaycanda “brutto” müqaviləsi tətbiq olunur:
“Bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, avtobuslar qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən ödəniş alırlar. Yəni daşıyıcı şirkət xəttə nə qədər avtobus buraxırsa və həmin avtobuslar gün ərzində neçə kilometr hərəkət edirsə, ödəniş də buna uyğun hesablanır. Məqsəd daşıyıcı şirkətləri daha çox işləməyə, sərnişindaşıma xidmətini genişləndirməyə və insanların yolda qalmamasına təşviq etməkdir. Dövlət ödənişli zonalardan toplanan vəsaiti də həmin daşıyıcı şirkətlərə yönəltmək istəyir. Yəni bu vəsait dövlətin öz gəliri kimi nəzərdə tutulmur, ictimai nəqliyyatın inkişafına sərf olunacaq”.