Tikinti şirkətinin rəhbəri: Yandırılan və kəsilən ağaclar təxribatdır -VİDEO
Gündəm
19.01.2026 21:10
Sakinlər tərəfindən TodayPress TV-nin redaksiyasına Xətai rayonunun Gəncə prospekti və Nəsirəddin Tusi 28 küçəsinin kəsişdiyi ərazidə gediş-gəlişin məhdudlaşdırılması, ərazinin zibil poliqonuna çevrilməsi ilə bağlı məlumat daxil olub. Sakinlər iddia ediblər ki, sözügedən ərazidə bu problemlər “Hayat Residence” MMC şirkəti tərəfindən yaradılıb.
Problemlərlə bağlı sözügedən əraziyə üz tutduq.
Görünən mənzərəyə əsasən burada sakinlərin istifadə etdiyi pilləkənlər sökülüb, yola çıxış məsafəsi uzadılıb.
Sakinlər bildirir ki, sözügedən ərazini özləri abadlaşdırıblar. İndi isə ərazi zibil poliqonuna çevrilib.
Eyni zamanda ümumi gediş-gəliş yolu məhdudlaşdırılıb deyə insanlar bu ərazidə çətinlik çəkirlər.
Şikayətləri dinlədikdən sonra məsələ ilə bağlı “Hayat Residence” MMC-nin direktoru Miralə Ağayevanın da mövqeyini öyrəndik. Direktor bildirdi ki, şirkət hazırda sakinlərin rahat şəraitdə yaşamaları üçün yeni layihə həyata keçirməyə çalışır. Onun sözlərinə görə, sözügedən ərazidə bu səbəbdən hasarlama işləri görülüb.
Şirkət rəhbəri ərazidəki yandırılmış və kəsilmiş ağaclarla bağlı bildirdi ki, bunlar sadəcə şirkətə qarşı bir təxribatdır.
O, sakinlərin istifadə etdikləri yolda gediş-gəlişin məhdudlaşdırılması məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, sakinlərin şikayətində qeyd olunan “sökülən yol” onların istifadə etdiyi əsas yol deyil, köməkçi yoldur. Bu yol da məhz qəzalı vəziyyətdə olduğu üçün şirkət tərəfindən ora müdaxilə olunub və əsas pilləkanla birlikdə düzəldilib. Sakinlərin əksəriyyəti isə bu yoldan ümumiyyətlə istifadə etmirmiş.
Şirkət rəhbəri onu da əlavə etdi ki, insanlara təhlükə yaratmasın deyə hasarlama işləri görülsə də, hasarın bir hissəsi əsassız yerə sökülüb.
Sakinlər şirkətdən şikayət etsələr də, ərazidə onlar tərəfindən yol verilən nöqsanlar da nəzərimizdən qaçmadı. Belə ki, gördüyümüz mənzərəyə əsasən, sakinlərin bəziləri burada yaşadıqları mənzillərə artırma edərək konstruktiv dəyişikliklər ediblər. Halbuki tikilmiş binalarda mənzillərə belə müdaxilələr etmək qanuna ziddir. Bu, həm ümumi görünüşə xələl gətirir, həm də binanın təhlükəsizliyi sual altında qalır. Sözügedən artırmaların həyətlərində isə acınacaqlı vəziyyət yaranıb.
Ümid edirik ki, ərazidə görüləcək tikinti işlərinin nəticəsində tezliklə gözəl bağça, əyləncə məkanları və yeni təhlükəsiz yaşayış binaları sakinlərin istifadəsinə veriləcək.
Vüsalə Nəciyeva
tag: Xətai, Ağac,Hayat Residence” MMC, Zibil, toldaypress.tv,
