“Rusiya bununla özünə ciddi problemlər yaradacaq” – XƏBƏRDARLIQ

Gündəm

22.01.2026 12:36

“Aleksandr Duqin və Vladimir Solovyov kimi Rusiyanın “jurnalistləri” və “ekspertləri” çıxışlarında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil olmamalı olduqlarını iddia edirlər. Onlar Rusiya imperiyasının və ya SSRİ-nin bərpasını istəyirlər”. 


TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.

Analitik hesab edir ki, onlar bunu açıq deməsələr də, əslində Rusiya imperiyasının və ya SSRİ-nin bərpasını arzulayırlar: 

“Duqin və Solovyov reallıq hissini itiriblər. Rusiya imperiyasının dövrü bitib. Birinci Dünya müharibəsi Böyük Britaniya və Osmanlı imperiyaları ilə yanaşı, Rusiya imperiyasının da dağılması ilə nəticələndi. Doğrudur, Rusiya imperiyasının yerində SSRİ yaradıldı, ancaq bu imperiyanın ömrünü cəmi 70 il uzatmaq mümkün oldu”.

Politoloq qeyd edib ki, imperiya ritorikası Rusiyanı daha da zəiflədir:

“Duqin və Solovyov "arzularını" səsləndirməklə qonşu ölkələri Rusiyadan daha da uzaqlaşdırırlar. Bu hədələri cavabsız qoymaq olmaz. Məntiqsiz və təhlükəli açıqlamalarına görə Kreml Duqini və Solovyovu cəzalandırmırsa, deməli Rusiyaya rəhbərlik edənlər də "imperiyanın bərpası" arzusu ilə yaşayırlar. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə də məhz bu baxışın tərkib hissəsidir. Kreml və onun nəzarətində olan ekspertlər və jurnalistlər elə düşünürlər ki, Ukraynanı parçaladıqdan sonra digər qonşu ölkələrə də təcavüz edə biləcəklər. Birincisi, Rusiya Ukraynada ilişib qalıb, müharibənin necə bitəcəyi məlum deyil və bu müharibənin nəticələri gələcəkdə Rusiyanın özünə ciddi problemlər yaradacaq, mərkəzdənqaçma meyllərini gücləndirəcək. İkincisi, indi 1920-ci və ya 1930-cu illər deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini rahatlıqla işğal etmək mümkün olsun. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Azərbaycana hücum edən istənilən dövlət Azərbaycan ordusu ilə yanaşı qarşısında Türkiyəni də görəcək. ABŞ bölgədə “Tramp yolu”nu reallaşdırmağa başlayacaq və həm bu yolun, həm də yolun keçdiyi ölkələrin təhlükəsizliyinə xüsusi diqqət yetirəcək”.  

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Rusiya,Problem,Todaypress.tv,