Oğlu Fəzail Ağamalını İTTİHAM EDİR: "Qərarlar qeyri-legitimdir!"

Gündəm

24.01.2026 12:27

"Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının rəhbərləri qurultaydan sonra qəbul olunmuş bəzi qərarların ləğvi və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət ediblər".

TodayPress TV xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı öz "Facebook" hesabında yazıb.

O bildirib ki, qurultaydan sonra onun namizədliyini dəstəkləyən rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşı təzyiqlər başlanıb:

"Qurultaydan sonrakı ilk 5-6 gün istisna olmaqla, müzakirələrin mövzudan yayındırılmaması üçün mətbuat və sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırmaqdan mümkün qədər çəkindim. Partiyada yaranmış problemlərin dialoq yolu ilə həlli üçün bir sıra təşəbbüslər göstərilsə də, bu addımlar nəticəsiz qaldı. Bir müddət şəxsi olaraq mənə qarşı haqsız münasibətlə barışmaq və geri addım atmaq barədə düşüncələrim olsa da, qurultaydan sonra baş verən hadisələr bu fikirdən daşındırdı. Mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşı əsassız iddialarla, bəzən heç bir əsas göstərilmədən partiya sıralarından və vəzifələrindən uzaqlaşdırılmalar baş verdi ki, bu da yerli təşkilatların təxminən dörddə birini əhatə edir".

Elçin Ağamalı vurğulayıb ki, qəbul edilən qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və bu, daha çox qanunsuz qərarların qəbuluna gətirib çıxarıb.  

"Hazırda partiyanın yerləşdiyi binanın akt zalında, nizamnamə müddəalarının kobud şəkildə pozulması ilə müşayiət olunan növbəti qurultay gizli şəkildə keçirilir. Bakı və ətraf rayonlardan gətirilən, əsasən partiya ilə əlaqəsi olmayan şəxslərin iştirakı ilə təşkil olunan bu toplantı qeyri-legitim sayılır. Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının rəhbərləri qurultaydan sonra qəbul edilmiş bəzi qərarların ləğvi və hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiəsi artıq mənim üçün vicdan məsələsidir", – deyə,o, bildirib.

E.Ağamalı əlavə edib ki, məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi olaraq məlumat veriləcək.

Qeyd edək ki, Ana Vətən Partiyasının hazırkı sədri Fəzail Ağamalı İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini açıqlayıb.

Jalə Rövşən

TodayPress TV


tag: Fəzail Ağamalı ,Elçin Ağamalı ,Ana Vətən Partiyası ,Qurultay ,Todaypress.tv,