Millət vəkili Samirə Əfəndinin “jest”indən danışdı: “Sənəti siyasətə qatmayaq”

Gündəm

24.11.2025 16:20

Milli Məclisin deputatı Fazil Mustafa müğənni Samirə Əfəndinin Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin münsif qismində erməni iştirakçıya yüksək bal verməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Deputat TodayPress TV-yə açıqlamasında bildirib ki, burada qeyri-adi, yaxud da qınanmalı bir məqam yoxdur:


O vurğulayıb ki, sənəti siyasi mülahizələrlə qarışdırmaq düzgün yanaşma deyil:

"Əgər münsif iştirakçını bəyənibsə, yüksək bal verməsi tamamilə normaldır. Bölgədə sülh prosesinin davam etdiyi bir vaxtda ictimai, siyasi və mədəni sferada çalışan hər kəs bu prosesə dəstək verən addımlar atmalıdır. Azərbaycanın əleyhinə hər hansı bir söz deməyibsə, davranış sərgiləməyibsə, nə problem ola bilər? Bir erməni iştirakçıya bal verilməklə sunami baş verməyib ki. Əgər münasibətlərin normallaşmasını, sülhün gerçəkləşməsini istəyiriksə, bu addımlar cəmiyyət səviyyəsində də atılmalıdır".

Parlamentari bildirib ki, məsələni dar çərçivədə, keçmiş nifrət və emosiyaların fonunda dəyərləndirmək düzgün deyil. Geniş baxış bucağına sahib olmaq, gələcəyə vizyonla yanaşmaq vacibdir:

"Bir-iki nəfər dar çərçivədən baxa bilər, amma çoxluq belə olmamalıdır. Biz bölgəyə sülh gətirməyə ən çox maraqlı tərəfik və öz rolumuzu oynamağı bacarmalıyıq. İndi qeyri-hökumət təşkilatları da gəlir, gedir, media nümayəndələri də. Bunun nəyi pisdir? Ümumiyyətlə, bu münasibətlərə artıq daha geniş proseslərin fonunda baxmaq lazımdır. Əgər məsələyə dar çərçivədən, keçmiş kin və nifrət prizmasından yanaşsaq, onda gərək sabah Ermənistanla yenidən müharibə şəraitini bərpa edək. Bunu istəyirlər? Ona görə də məncə, belə cılız və məhdud baxış bucağı çoxluğun baxışı olmamalıdır".

Fazil Mustafa hesab edir ki, Samirə Əfəndinin tənqid olunması məhz bu dar düşüncədən qaynaqlanır:

"Geniş perspektivdən baxan insanlar bunu normal qarşılayırlar. Məsələyə geniş müstəvidə baxmaq həm cəmiyyət, həm də bölgənin gələcəyi üçün daha sağlam yanaşmadır", - deyə millət vəkili fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xal olan 12 bal verib.

Nəticələrin açıqlanması zamanı Samirə Əfəndinin Saro Gevorkyanı səhnədə qucaqlaması isə final gecəsinin ən çox müzakirə olunan məqamlarından biri olub. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Samirə Əfəndi,Erməni,Todaypress.tv,