Millət vəkili: “Azərbaycanın resursları regionun iqtisadi məsələlərini həll edir”
Gündəm
20.01.2026 20:36
“Azərbaycan modeli bu gün yalnız ölkənin deyil, dünyanın və Avropanın mənafeyinə xidmət edir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, Avropaya enerji resurslarını çatdırmaq üçün indi bir neçə mühüm amil nəzərə alınmalıdır:
"Təbii ehtiyatların mövcudluğu hələ bu xəttin qurulacağı anlamına gəlmir. Bunun üçün ixrac edən ölkə ilə Avropa ölkələri arasında yaxşı münasibət, enerji resurslarının Avropaya çatdırılması üçün müvafiq kommunikasiya xətləri, həmçinin ixrac edən ölkədə sabitlik, qarşıdurmanın olmaması və inkişaf elementləri vacibdir".
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerjiyə tələbatını təmin edir və regionda sabitliyi gücləndirir:
“Azərbaycan bütün bu şərtlərə malikdir. Təqribi hesablamalara görə, Avropanın enerjiyə olan tələbatının 10 faizi Azərbaycan tərəfindən ödənilir. Avropa yalnız məkan və insan sayı demək deyil; onun enerjiyə tələbatı dünyanın digər regionlarından qat-qat yüksəkdir. Bu, Avropada Azərbaycanla bağlı inamı artırır və münasibətlərin uzunmüddətli olacağını göstərir. Eyni zamanda, Azərbaycan və region üçün də çox əhəmiyyətli məsələyə çevrilir. Regionda sabitliyin uzunmüddətli olması üçün bu, vacib amildir”.
A.Mirzəzadə, həmçinin vurğulayıb ki, Azərbaycan modeli regionun sabitliyinə və beynəlxalq maraqlara xidmət edir:
“Azərbaycanın daxil olan maliyyə resursları ölkəmizin və regionun bir çox iqtisadi məsələlərini həll edir. Dünyanın Azərbaycana diqqəti artır və regionla bağlı məsələlərdə beynəlxalq ictimaiyyət diqqətli olmağa çalışır. Həm region ölkələri, xüsusilə Azərbaycan, həm də aparıcı dövlətlər regionun sabitliyinin qorunmasında maraqlıdırlar”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkə olduğunu bildirib. Dövlət başçısı onu qeyd edib ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir.
Jalə Rövşən
tag: Aydın Mirzəzadə,Deputat,Azərbaycan,Resurs,Todaypress.tv,
