"Mehdiyev işi"ndə təqsirləndirilən Gültəkin Hacıbəyli Bakıya təhvil veriləcək? - AÇIQLAMA
Gündəm
04.12.2025 15:16
Ramiz Mehdiyev işi çərçivəsində istintaqa dəvət olunan Milli Şura rəhbərlərindən Gültəkin Hacıbəyli hazırda İstanbulun Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
O bu barədə sosial media hesabında yazıb. Hacıbəylinin sözlərinə görə, polis heç bir əsas göstərmədən onu mənzilindən aparıb, halbuki vizası və ikillik oturum izni qüvvədədir. Şura rəhbəri “xarici terrorçulara aid G-82 maddəsi” ilə nəzarətdə saxlanıldığını və Azərbaycana təhvil verilməsi üçün hazırlıq görüldüyünü iddia edir. O, həmçnin məsələni Avropa Məhkəməsinə çıxardığını bildirib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa məsələnin cinayət işi ilə bağlı olduğunu vurğulayıb:

"Bu məsələ ilə bağlı konkret hansı ittihamın irəli sürüldüyü və saxlanılmasının səbəbləri barədə bilgim yoxdur. Çox güman ki, hansısa bir cinayət işi ilə bağlı belə bir tələb oluna bilər. Bu da dövlətlərarası müstəvidə konkret hökumətlərin ekstradisiya və ya digər hüquqi əməkdaşlıqla bağlı müqavilələri əsasında gerçəkləşə bilən bir haldır".
Parlamentari bildirib ki, proses iki ölkənin hüquqi prosedurları və beynəlxalq hüquq çərçivəsində araşdırılır:
"Yəqin ki, Türkiyə və eyni zamanda Azərbaycan bu kimi məsələləri hüquq çərçivəsində həll edəcəklər. Təbii ki, beynəlxalq hüququn müddəaları da burada önəmlidir. Çox güman ki, hansısa əsaslı tələblər təqdim edilib və buna uyğun olaraq Türkiyə tərəfindən belə bir addım atılıb. Amma hər halda bunun hüquqa uyğun şəkildə gerçəkləşməsi araşdırılır və nəticə barədə də müvafiq məlumat verilə bilər".
Jalə Rövşən
tag: Fazil Mustafa,Deputat,Gültəkin Hacıbəyli,Deportasiya,Todaypress.tv,
