Hikmət Rəhimovun serialının yayımı kinoteatrda da dayandırıldı
Gündəm
17.01.2026 15:36
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.
TodayPress TV xəbər verir ki, Hikmət Rəhimov məsələyə sosial şəbəkə hesabında münasibət bildirib.
“Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Əvvəla azərbaycanlılara - həm burada, həm xaricdə yaşayan həmyərlilərə "Səkkiz" serialına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən bir dövlət qurumuna serialla bağlı görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar. "Səkkiz" serialında yaş həddi +18-dir. Yayım saatı 23:00-da ARB televiziyasındadır. 10 yanvar 2025-ci il tarixində efirə gedib. Yayım zamanı efirə söyüş getdiyi üçün həmin işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb”.
H.Rəhimov bildirib ki, serialın həm yutub üzərindən, həm də televiziyada yayımının dayandırılmağını heç cür anlaya bilmir:
“Ümid edirəm həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşılıb, üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir. Sonda hər şey üçün Allaha yenə sonsuz təşəkkür edirəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında" qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB" kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
Xatırladaq ki, "Səkkiz" serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.
tag: Səkkiz,Serial,Televiziya,Yayım,Todaypress.tv,
