Deputatdan Şuraya irad: “Söyüş söyməyib, təhqir etməyib”
Gündəm
10.01.2026 17:11
"Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərarı tamamilə yanlışdır".
TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
"Şəxsən tanımasam da, verilişlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır".
Parlamentarinin sözlərinə görə, cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir:
"O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm", - deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, “Space TV”də yayımlanan “Gəl danış” verilişinin aparıcısı Amil Xəlilin fikirləri cəmiyyətdə narazılığa səbəb olub. Belə ki, o, bölgələrdə yaşayan ailələrin, xüsusilə də qız övladlarını Bakıda yerləşən universitetlərə göndərməsini tənqid edib. Aparıcı, bu vəziyyətin bir sıra sosial və mənəvi problemlərə yol açdığını iddia edib.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Amil Xəlil,Audiovizual Şura,Qərar,Todaypress.tv,
