Deputat: "Hakim də, almanlar da "Qarabağ"ı sındıra bilmədi"

Gündəm

22.01.2026 10:33

"Qarabağ" yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı, 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı".

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir:

"İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi. Bu arada görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1-2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3-2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu".

Deputat vurğulayıb ki, hakimin hərəkətləri də komandamızı sındıra bilmədi:

"Bu cür oyunlardan sonra "Qalatasaray"dan, "Fənərbağça"dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm. Artıq Türk dünyasında "Qarabağ"a həm "Qarabağsaray", həm də "Qarabağbağça" kimi baxılır. Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir. Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Duran, Yankoviç, Silva, Bəhlul - daha kimi deyim - hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar - bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Frankfurt) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Kamillo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Qarabağ,Qələbə,Todaypress.tv,