Davosdan dünyaya mesaj: Ədaləti Bakı bərpa etdi!
Gündəm
20.01.2026 22:09
“ATƏT-in Minsk qrupu əslində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrası üçün deyil, Qarabağ ermənilərinin faktiki müstəqilliyini təmin etmək üçün çalışırdı”.
Bunu TodayPress TV-yə politoloq Abutalıb Səmədov deyib.

O qeyd edib ki, Azərbaycan Minsk qrupunun təkliflərinin icrasını əngəlləyib:
“ATƏT-in Minsk qrupu 1997-ci ildən başlayaraq ard-arda təkliflər təqdim edirdi və bu təkliflərin demək olar ki, hamısı Qarabağ ermənilərinin faktiki müstəqil olmasına xidmət etməli idi. Azərbaycanın qəti mövqeyi təkliflərin qarşısını aldı.
1997-ci ildə iki təklif, 1998-ci ildə əlavə bir təklif, 1999-cu ildə İstanbul sammiti ərəfəsində başqa bir təklif və 2001-ci ildə ABŞ-nin Key West şəhərində ərazi mübadiləsi təklifi verildi. Sonuncu təklif isə Madrid prinsipləri oldu. Bütün bu təkliflər ermənilərin maraqlarına xidmət edirdi. Azərbaycan həm 1990-cı illərdə, həm də 2000-ci illərdə təqdim olunan təkliflərin reallaşmaması üçün qətiyyətlə mübarizə apardı. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri böyükdür. Onların qətiyyəti sayəsində indiki uğurlara nail olundu”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını öz gücü ilə azad edib:
“ATƏT-in Minsk qrupu əslində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrası üçün deyil, Qarabağ ermənilərinin faktiki müstəqilliyini təmin etmək üçün çalışırdı. Qətnamələrin icrasını Azərbaycan öz üzərinə götürdü. Həmçinin, Azərbaycan Prezidenti dünyada güc amilinin həlledici olduğunu görərək ordunun güclənməsi üçün çalışdı və əlverişli beynəlxalq şərait yarandıqda əks-hücuma keçərək işğal altında olan torpaqların azad olunmasını təmin etdi”.
A.Səmədov sonda əlavə edib ki, bu, Azərbaycanın çox şanlı tarixidir. Bu tarix diqqətlə öyrənilməli və xalqımız, dövlətimiz qarşısında Heydər Əliyevin və İlham Əliyevin göstərdiyi qətiyyət və xidmətlər dərindən qiymətləndirilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda çıxışı zamanı beynəlxalq vasitəçiliklə bağlı ümidlərin tamamilə boşa çıxdığını bildirib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin ərazilərimizdən çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə uzun illər reallaşmayıb və sadəcə kağız üzərində qalıb. ATƏT və digər beynəlxalq təşkilatların qərarları da eyni taleyi yaşayıb. Lakin Azərbaycan vəziyyəti öz əlinə alaraq ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü təmin edib.
Jalə Rövşən
tag: Abutalıb Səmədov ,ATƏT,İLham Əliyev ,Davos,Todaypress.tv,
