Elm və Təhsil Nazirliyi parçalanır? - Professor detallar verdi
"Dövlət İmtahan Mərkəzi (DİM) təhsil sistemində əlavə - "üçüncü subyekt" rolunda çıxış edir və bu səbəbdən qurumların birləşdirilməsi ehtimalı yüksəkdir. Dövlət İmtahan Mərkəzi təhsil sistemində üçüncü subyekt kimi çıxış edir. Bəs niyə? Çünki təhsil sistemində oxuyan, yəni təhsil almaq istəyənlər var. Bunlar bizim uşaqlarımızdır. Digər tərəfdən, onları oxutmaq, təhsil vermək istəyən Təhsil Nazirliyi var. Deməli, təhsil almaq istəyənlər də, onlara təhsil verən qurum da bəllidir. Belə olan halda, üçüncü subyektə ehtiyac yoxdur".
Bunu TodayPress TV-yə açıqlamasında fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov DİM-in təhsil sistemindəki yerindən, yeni təyinatın perspektivlərindən, eləcə də elm və təhsilin idarəçiliyindəki prinsipial məsələlərdən danışarkən deyib.
O, Dövlət İmtahan Mərkəzinin fəaliyyətini tənqid edərək qurumun səlahiyyətlərinin yalnız imtahanların təşkili ilə məhdudlaşmalı olduğunu bildirib.
"Mən vaxtilə bu fikrimi Məleykə Abbaszadəyə bildirmişdim. Demişdim ki, siz imtahanlar keçirməli, imtahan prosesini həyata keçirməli, təhsil sisteminin özünə isə müdaxilə etməməlisiniz.
Bəs Dövlət İmtahan Mərkəzi niyə təhsil sisteminə müdaxilə etdi? Bunun səbəbi vaxtilə mövcud olmuş təyinat mexanizmi idi. Halbuki ali təhsil müəssisəsini abituriyentin özü seçməli, harada təhsil alacağını müstəqil şəkildə müəyyənləşdirməlidir. Heç kəs, o cümlədən dövlət, onu hansısa ali təhsil müəssisəsinə yönləndirməməlidir".
Şahlar Əsgərov təhsil sisteminin üç əsas istiqamətə bölünməli olduğunu qeyd edərək, Məleykə Abbaszadənin qiymətləndirmə və idarəetmə təcrübəsini yüksək qiymətləndirib, lakin təhsilin məzmunu və psixoloji yanaşmanın vacibliyini önə çəkib:
"Təhsil sistemini üç əsas istiqamətə bölmək lazımdır: təhsil sisteminin idarə olunması, təhsilin məzmununun formalaşdırılması və biliklərin qiymətləndirilməsi.
Məleykə xanımın təhsildə qiymətləndirmə sahəsində böyük təcrübəsi var. İdarəetmə sahəsində də kifayət qədər bacarıqlıdır. Dövlət İmtahan Mərkəzi kimi bir qurumun idarə olunmasında, kadr və təşkilati məsələlərdə özünü təsdiq edib.
Lakin təhsilin məzmununun formalaşdırılması üçün pedaqoq və psixoloqların iştirakı vacibdir. Bu sahədə yalnız tarixçi və ya riyaziyyatçı olmaq kifayət etmir. Əsas məsələ uşaqların inkişaf xüsusiyyətlərini dərindən bilən mütəxəssis olmaqdır. Çünki uşaq, üzr istəyirəm, heyvan deyil. O, daim dəyişir və inkişaf edir".
Professor uşağın yaş artdıqca obyektdən subyektə çevrildiyini vurğulayaraq, bu inkişaf xüsusiyyətinin təhsil prosesində düzgün nəzərə alınmasının vacibliyini bildirib:
"Uşaq birinci sinfə gedəndə elə bilir ki, oturduğu parta da, qələmi də, müəllimi də yalnız ona məxsusdur. Evdə də düşünür ki, ata-anası yalnız onun olmalıdır. Çünki o, dünyaya ilk növbədə öz şəxsi ehtiyacları və maraqları prizmasından baxır. Süd istəyir, yemək istəyir və ehtiyaclarının ödənilməsini gözləyir.
Amma yaşa dolduqca insan subyektləşir. Artıq özü qərar verməyə başlayır, nəyisə edib-etməmək barədə düşünür. Kiçik yaşlarında uşaq təhsil və tərbiyə prosesində daha çox obyekt rolunda çıxış edir. Ona öyrətmək, istiqamət vermək lazımdır. Yaşı artdıqca isə subyektləşir, öz fikri formalaşır və bunu irəli sürür. Halbuki üç yaşlı uşaq bunu həmin formada ifadə edə bilməz.
Deməli, yaşa dolduqca insan subyektləşir. Subyektləşmə o deməkdir ki, insan qarşı tərəfin fikrinə öz alternativ fikrini qarşı qoymağı bacarır.
Məleykə xanıma bu subyektləşmə məsələsini düzgün həll etməkdə uğurlar arzulayıram. Çünki onun qiymətləndirmə sahəsində ciddi çətinlik çəkəcəyinə inanmıram. O, 40 ildir milyonlarla insanın biliyini qiymətləndirən bir sistemi idarə edir. İdarəetmə bacarığı da göz qabağındadır. Dövlət İmtahan Mərkəzi kimi bir qurumu 40 il ərzində yaşatmaq və idarə etmək özü böyük təcrübə və bacarıq tələb edir. Deməli, bu sahədə də kifayət qədər güclüdür.
Bir məsələ qalır: təhsilin fəlsəfəsini dərindən anlamaq".
Dərsliklərdəki çatışmazlıqlar və Elm və Təhsil naziri Emin Əmrullayevin mümkün istefası ilə bağlı fikirlərini bildirən elmlər doktoru kadr qərarlarının Prezidentin səlahiyyətlərinə aid olduğunu bildirib. Bununla yanaşı, professor elm və təhsilin ayrı-ayrı istiqamətlər kimi fəaliyyət göstərməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Dövlətimiz hüquqi və demokratik dövlətdir. Bu məsələ Prezidentin səlahiyyətlərinə aiddir. Amma hesab edirəm ki, elm və təhsil bir yerdə olmamalıdır. İndi bunun səbəbini izah edəcəyəm.
Təhsilin məqsədi nədir? Təhsilin əsas məqsədi bəşəriyyətin min illər ərzində topladığı elmi bilikləri və əldə etdiyi nailiyyətləri gənc nəslə öyrətməkdir. Aristotelin, Qalileyin, Faradeyin, Nyutonun, eləcə də həmyerlimiz Landau kimi alimlərin elmi irsini gənc nəslə çatdırmaqdır. Təhsilin əsas məqsədi məhz budur.
Təhsil yeni dəyər yaratmır, tarix boyu formalaşmış bilik və dəyərləri gənc nəslə ötürür. Elm isə yeni biliklər və dəyərlər yaradır. Əgər elm yeni biliklər yaratmırsa, deməli, inkişaf etmir. Elm canlıdırsa, mütləq yeni biliklər ortaya qoymalı, yeni qanunauyğunluqlar kəşf etməlidir.
Məsələn, Bakıdakı tıxacların səbəblərini araşdırmaq elmin qarşısında duran məsələlərdən biridir. Bu suala yalnız təhsilin köməyi ilə cavab tapmaq mümkün deyil. Bunun üçün elmi araşdırmalar aparılmalıdır.
Ona görə də hesab edirəm ki, elm və təhsil ayrı-ayrı istiqamətlər kimi fəaliyyət göstərməlidir. Bu, tamamilə doğru yanaşmadır. Sovet dövründə də elm və təhsil ayrı-ayrı qurumlar və istiqamətlər kimi fəaliyyət göstərirdi".
Qeyd edək ki, noyabrın 19-u Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vəzifəsindən azad edilib və onun yerinə Məleykə Abbaszadə təyin olunub.
Türkan İsgəndərli