Bakıda SSRİ bayraqları: Bu xaricdən maliyyələşirsə...
Gündəm
26.11.2025 13:19
Sosial şəbəkələrdə keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Onlara məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş çox sayda materiallar, bayraqlar, radikal məzmunlu kitablar, CD-disklər və digər elektron cihazlar aşkar edilərək götürülüb.
Bəs bu şəxslərin xaricdən maliyyə dəstəyi ilə sovet simvolikası altında təşkilatlanması və Azərbaycana qarşı yeni bir informasiya-təbliğat diversiyası kimi formalaşması hesab edilə bilərmi? Bu fəaliyyət hüquqi baxımdan necə dəyərləndirilir?
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən professor, hüquqşünas Fərhad Mehdiyev bildirib ki, kommunizmin təbliği ümumilikdə qanunla qadağan edilmir, lakin bəzi nüanslar var:
“Əslində kommunizmin təbliği və propaqandası ölkəmizdə qadağan deyil. Bu, ifadə azadlığı və siyasi fəaliyyət azadlığı çərçivəsinə daxildir. Amma belə fəaliyyət xaricdən maliyyələşirsə, vəziyyət təhlükəli məna kəsb edə bilər. Əgər hər hansı təşkilat və ya qrup – hətta partiya da ola bilər – kommunizmi təbliğ edir və xaricdən maliyyə almırsa, burada mənfi bir hal görmək olmaz. Konstitusion quruluş buna imkan verir”.
Onun sözlərinə görə, əsas problem şəffaf olmayan xarici maliyyələşmənin yaratdığı təhlükədir:
“Əgər bu kimi fəaliyyətlər xaricdən maliyyələşirsə, bu, artıq milli maraqlar və milli təhlükəsizlik məsələləri ilə kəsişir. Burada əsas sual şəffaflığın olub-olmamasıdır. Əgər təşkilat xaricdən maliyyə aldığını açıq şəkildə bəyan edir, onu qrant kimi qeydiyyatdan keçirib fəaliyyətini davam etdirirsə, hüquqi ziddiyyət yaranmır. Amma gizli maliyyələşmə varsa, bu, artıq dövlət təhlükəsizliyini sual altına qoyan məqamlardandır və xüsusi orqanlar tərəfindən araşdırılır. Maliyyə ayrılırsa, bunun müqabilində nə tələb olunur? Tərəflər arasında hansı asılılıq və digər əlaqələr mövcuddur?”
Ekspert sonda qeyd edib ki, belə hallarda fəaliyyət hüquqa zidd hesab oluna bilər.
Jalə Rövşən
tag: SSRİ,Azərbaycan,Fərhad Mehdiyev,Maliyyə ,Todaypress.tv,
