Azərbaycan səfirinin Paşinyana jesti: Rəsmi Bakı üçün yalnız sülh var!

Gündəm

10.12.2025 13:51

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Xarici Siyasət Cəmiyyətində keçirilən tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb. Ermənicə “Almaniyaya xoş gəlmisiniz” deyən diplomat daha sonra ingilis dilinə keçib. 

Səfir regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verdiyini diqqətə çatdırıb. 

Qeyd edək ki, hazırda Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması üçün iş aparılır. İki ölkənin ictimaiyyət nümayəndələrinin qarışıqlı səfərləri və bu səfərlərin müsbət istiqamətdə davam etməsi sülh üçün ən böyük təşəbbüs kimi dəyərləndirilə bilər. 

Bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın Qətərin paytaxtı Dohada görüşməsi, həmçinin hər iki diplomatın birlikdə “Euronews” telekanalına müsahibə verməsi ölkələrin sülh üçün bir-birinə nə qədər yaxınlaşdığını göstərir.   

Hazırda qalıcı sülhün yaradılması yolunda əsas əngəl Ermənistan konstitusiyasında qeyd edilən müvafiq maddələrdir. Hansı ki, həmin maddələrdə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. 

Buna görə də Azərbaycan haqlı olaraq həmin maddələrin Ermənistanın ana qanunundan silinməsini tələb edir. Bunun əksi Ermənistandakı revanşist qüvvələrin gələcəkdə fəallaşmasına zəmin yarada bilər. Ehtimal ki, bu, ölkədə parlament seçkiləri başa çatdıqdan sonra referendumun keçirilməsi təmin ediləcək. 

Azərbaycan səfirinin bu jesti isə ölkəmizin sülh yaratma missiyasına sadiqliyini və rəsmi Bakının regionda yalnız sülh və mehriban qonşuluqdan yana olduğunu ortaya qoyub.               

Zeynal Əmrəliyev

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Azərbaycan,Todaypress.tv,

photo