20 Yanvar hadisələrinin 36-cı ildönümü: Gələcək nəsillər bu salnaməni unutmamalıdır!

Gündəm

19.01.2026 17:49

"20 Yanvar təkcə faciə deyil, eyni zamanda müasir Azərbaycan tarixinin ən qürurlu və qəhrəmanlıq dolu səhifələrindən biridir". 

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı danışarkən deyib.


Deputat vurğulayıb ki,  həmin gün azadlıq və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən son dərəcə qəddar və qeyri-insani cəza mexanizmi işə salındı. SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, xüsusi xidmət orqanlarının rəhbərliyi bu prosesə birbaşa rəhbərlik etdi və SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçovun əmri ilə Azərbaycana, Bakıya qoşun hissələri yeridildi:

"O zamankı Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının elit silahlı bölmələri Bakıya daxil edildi, dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi. Bir gecə ərzində 130 nəfərdən çox insan qətlə yetirildi, 600-dən artıq dinc sakin müxtəlif dərəcəli xəsarətlər aldı".

Parlamentari diqqətə çatdırıb ki, 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq tariximizdir:

"Lakin 20 Yanvar təkcə faciə deyil, eyni zamanda müasir Azərbaycan tarixinin ən qürurlu və qəhrəmanlıq dolu səhifələrindən biridir. Bu günə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bununla yanaşı, Bakıda baş verən hadisələrin mahiyyəti, xalqımızın göstərdiyi qəhrəmanlığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də ardıcıl addımlar atılıb".

A.Əlizadə vurğulayıb ki, 20 Yanvar xalqımızın qan yaddaşına həkk olunmuş gündür:

"Hər il heç bir çağırış olmadan on minlərlə, yüz minlərlə Azərbaycan vətəndaşı 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərimizin xatirəsinə ehtiramını bildirir. Sabah 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür və bu ənənə yenə də davam edəcək. Hər birimiz özümüzə borc bilirik ki, şəhidlərimizin məzarlarını ziyarət edək, onların ruhu qarşısında baş əyək".

Deputat həmçinin bildirib ki,  şəhidlər xalqımızın qəhrəmanlığının simvoludur:


"Şəhidlər Xiyabanında təkcə 20 Yanvar şəhidləri deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində, ondan sonrakı dövrdə və İkinci Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman Azərbaycan oğul və qızlarının nəşləri uyuyur. Şəhidlər bizim baş tacımızdır.

Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəyə qalxan xalqlara nümunə ola biləcək qəhrəmanlıqlar göstərib. Güclü siyasi iradə ortaya qoyaraq müstəqilliyimizi əldə etdik, beş il əvvəlki Zəfərlə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik".

Parlamentari sonda xüsusi olaraq vurğulayıb ki, gələcək nəsillərə qəhrəmanlıq tariximiz düzgün çatdırılmalıdır:

"Bu gün Azərbaycan regionun ən güclü dövlətidir – həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan. Bu mərhələyə gəlib çatana qədər xalqımız qəhrəmanlıq salnamələri ilə zəngin bir tarixi yol keçib. Bu günlərin hər biri qan yaddaşımıza yazılıb və gələcək nəsillər tərəfindən unudulmamalıdır.

Gənc nəsil baş verən hadisələr barədə mütəmadi məlumatlandırılmalı, bu tarixi həqiqətlər onlara sistemli şəkildə ötürülməlidir. Bu prosesdə kütləvi informasiya vasitələri xüsusi rol oynayır. Hər birimiz, istər dövlət qurumları, istər vətəndaş cəmiyyəti institutları, istər siyasi partiyalar, istərsə də media nümayəndələri bu missiyanın yerinə yetirilməsində məsuliyyət daşıyırıq. Bu istiqamətdə görülən işlər bundan sonra da davam etdirilməlidir"

 Jalə Rövşən

TodayPress TV

tag: Arzuxan Əlizadə,Deputat,20 yanvar,İldönümü,Todaypress.tv,