"Yenidən oyanan" qara dəlik müşahidə edildi

Dünya

14.04.2026 19:15

Astronomlar uzaq "J1007+3540" qalaktikası daxilində yerləşən supernəhəng qara dəliyin “yenidən doğulmasını” göstərən ən aydın görüntülərdən bəzilərini əldə ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqat "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.

Alimlərin müşahidələrinə görə, qara dəlik təxminən 100 milyon illik “qış yuxusundan” sonra yenidən aktivləşərək güclü plazma axınları yaymağa başlayıb. Bu axınlar təxminən bir milyon işıq ili uzunluğunda nəhəng strukturlar formalaşdırır.

Məlumatlar "LOFAR" radio teleskopu və "Giant Metrewave Radio Telescope" vasitəsilə əldə edilib. Tədqiqat nəticələri göstərir ki, qalaktika daha əvvəl də oxşar aktivlik mərhələləri yaşayıb və köhnə plazma izləri bunu təsdiqləyir.

Alimlər bildirirlər ki, bu proses kosmik miqyasda vulkan püskürməsinə bənzəyir. Yeni plazma axınları əvvəlki “köhnə” strukturların içində formalaşır və qara dəliyin yenidən aktivləşdiyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, bu cür obyektlər qara dəliklərin aktiv və passiv mərhələlər arasında necə keçid etdiyini və onların qalaktikaların təkamülünə təsirini daha yaxşı anlamağa imkan verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qara dəlik,Qalaktika,Görüntü,Tədqiqat,Todaypress.tv,