Xəzərdə hərbi təlim faciəsi: Qazaxıstanda 14 hərbçi öldü
Qazaxıstanda hərbi təlimlər zamanı 14 hərbçinin ölümü ilə nəticələnən faciənin səbəbləri araşdırılır.
TodayPress TV xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Xəzər dənizinin sahilində, Aktau şəhərindən təxminən 43 kilometr məsafədə baş verib.
İlkin məlumata əsasən, əlverişsiz hava şəraiti zamanı hərbçilər “Kaisar” gəmisindən düşərkən güclü külək səbəbindən dənizə aparılıblar.
Hadisə zamanı 17 hərbçi dənizə düşüb. Onlardan üçü xilas edilsə də, 14 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı məhkəməyəqədər araşdırma aparılır. Təlimlərin təşkili, qəbul edilən qərarlar və təhlükəsizlik tələblərinə riayət olunması araşdırılır.
İstintaq çərçivəsində beş vəzifəli şəxs saxlanılıb. Onların arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi və baş komandanın birinci müavini, iki hərbi hissə komandiri, həmçinin dəniz bölüyü və qayıq komandirləri var.
Saxlanılan şəxslərin vəzifə öhdəliklərinə səhlənkar yanaşmaqda şübhəli bilindiyi bildirilir.
Faciə sentyabrın 24-də baş verib. Hadisədən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə milli matəm günü elan edib.
Türkan İsgəndərli