Uzunluğu 19 metrə çatan varlıqlar mövcud olub?

Dünya

24.04.2026 18:15

Elm adamlarının fikrincə, Təbaşir dövründə (145–66 milyon il əvvəl) dənizlərdə uzunluğu təxminən 19 metrə çatan nəhəng ahtapotlar yaşayırdı. Bu canlılar köpəkbalıqları və dəniz sürünənləri ilə yanaşı, dövrün ən böyük yırtıcıları arasında yer alırdı.

TodayPress TV  xəbər verir ki, "Science"  jurnalında dərc olunan araşdırmaya görə, Yasuhiro Iba rəhbərliyində, Hokkaido University-dən olan beynəlxalq paleontoloqlar qrupu bu nəticəyə gəlib.

Alimlər Yaponiya və Vancouver Island sahillərində tapılmış, yaşı 72–100 milyon il arasında dəyişən 27 ədəd daşlaşmış sefalopod dimdiyini tədqiq ediblər. Bu nümunələr 15 muzey eksponatı və 12 yeni tapıntını əhatə edir. Tədqiqat zamanı yüksək texnologiyalı skanlama üsulları və süni intellektə əsaslanan rəqəmsal rekonstruksiya tətbiq olunub.

Müasir ahtapotlarda dimdiyin bədən ölçüsünə nisbətinə əsaslanan allometrik böyümə modellərindən istifadə edərək, alimlər qədim Nanaimoteuthis haggarti növünün ölçüsünü müəyyənləşdiriblər. Nəticələrə görə, bu canlıların uzunluğu 6,6 metrdən 18,6 metrə qədər dəyişib. Bu isə onları Yer tarixində ən böyük onurğasızlardan biri edir.

Tədqiqatçılar dimdiklər üzərində qeyri-bərabər qırıntı və cızıq izləri aşkar ediblər. Bu, “yanallaşma” (ov zamanı bir tərəfin üstün istifadə olunması) kimi davranışın mövcudluğunu göstərir və həmin canlıların mürəkkəb sinir sisteminə malik olduğunu sübut edir.

Aşınma izlərinin təhlili göstərir ki, bu nəhəng ahtapotlar iri mollyuskalar, ammonitlər, xərçəngkimilər, digər sefalopodlar və balıqlarla qidalanırdılar.

Jalə Rövşən 

TodayPress TV  

tag: Ahtapot,Tədqiqat ,Dəniz ,Yaponiya ,Todaypress.tv,